"Nardaran məhbusu" "kars"a salındı

Sahil Rzalı 15 gün müddətinə "kars"a salınıb

"Nardaran işi" üzrə məhkum olunan Sahil Rzayev "kars" cəzası alıb. Bu barədə Rakurs TV-ə məhbusun vəkili Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, Sahil Rzalı mayın 23-də Kürdəxanı təcridxanasından 15 saylı Cəza Çəkmə Müəssisəsinə köçürülüb. Köçürüldüyü CÇM-də heç bir səbəb göstərilmədən "karser"ə salınıb və döyülüb.

Sahil Rzayev 2015-ci il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanıldığı Sabunçu Rayon Polis İdarəsinin qarşısında gözləyərkən həbs olunub. 30 sutka inzibati həbs cəzası alan məhbus Nardaran hadisələrindən sonra yaşadığı Lənkəran şəhərində yenidən saxlanılıb. O və onunla birlikdə həbs olunan Niftəli Vəliyev, Anar Əliyev, Elvin Bünyadov, Lətif Əhmədov və Teymur Osmanova Sabunçu Rayon Məhkəməsində hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) təqsirli biliniblər. Məhkəmənin qərarı ilə S.Rzayev 6 il 5 ay 15 gün, N.Vəliyev 5 il 11 ay 10 gün, A.Əliyev 5 il 11 ay, E.Bünyadov 6 il 1 ay 15 gün, L.Əhmədov 5 il 11 ay 20 gün, T.Osmanov isə 5 il 11 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.