"Nardaran məhbusları"na hökm oxundu - 150 ildən çox

"Nardaran işi 3" üzrə təqsirləndirilənlərə hökm oxunub

Rakurs TV-nin məlumatına görə, dekabrın 6-da Nardaran işi 3 üzrə təqsirləndirilənlərin sonuncu məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Zeynal Ağayev sədrlik edib. 

Məhkəmənin hökmü ilə Zülfüqar Mikayılov 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 13 il, Eldar Bünyatov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Mübariz İbrahimov 13 il, Ramin Seyfullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Zülfüqar Mikayılovun 18 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyatovun 14 il, Elman Ağayevin 15 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.