Nardaran məhbusları "kars"a salınıb

2015-ci il noyabrın 26-da Nardaranda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən güllələnən, üstündən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, güllələr hələ də bədənindən çıxarılmayan Şamil Abduləliyev cərimə kamerasına (“kars”) salınıb. Bu haqda “Azadliq.info”ya Nardaran məhbuslarının hüquqlarını müdafiə edən vəkillərdən biri Yalçın İmanov məlumat verib. Bədənində iki güllə gəzdirən və əl ağaclarının köməyi ilə hərəkət edən Şamil Abduləliyev iyulun 29-da Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasından 15 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. O, cəzaçəkmə müəssisəsinə gətirilən kimi də orada “kars”a salınıb.

Yaralı məhbusun hansı səbəbdən cəzalandırıldığı və cəzanın müddəti məlum deyil.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin işçisi olmuş Şamil Abduləliyev 2015-ci ilin noyabrında Nardaran əməliyyatı nəticəsində ilahiyyatçı TalehBağırzadə və digərləri ilə bilrikdə həbs olunub. İkisi polis, dördü yerli sakin olmaqla, ümumilikdə altı nəfərin qətlə yetirildiyi, bir neçə nəfərin də yaralandığı həmin əməliyyatda Şamil də yaralanıb. Amma polislər yaralıları o vəziyyətdə atıb gediblər. Hazırda həbsdə olan şəxslərdən Şamil Abduləliyev, Bəhruz Əsgərov və digərlərini yerli sakinlər əvvəlcə qəsəbədəki tibb məntəqəsinə, oradan da Sabunçudakı 3 saylı xəstəxanaya çatdırıblar. Həmin gün gecə polislər xəstəxanaya gələrək, ağır vəziyyətdə olan Şamil Abduləliyevi reanimasiya şöbəsindən çıxarıblar, təzyiq altında onu bir sıra sənədləri imzalamağa məcbur ediblər.

Şamil Adulaliyev

Şamil Abduləliyev məhkəmədə də bildirib ki, ittihamlar yalandır. Onlarda nə silah olub, nə də kiməsə müqavimət göstəriblər. Onlar həmin gün Əbülfəz Bünyadovun evinə Məhərrəmlik mərasimi ilə əlaqədar Tale Bağırzadənin xütbələrini dinləməyə toplaşmışdılar. Onun sözlərinə görə, Nardaran əməliyyatında ölənlərin hamısı polislərin atdığı güllələrin qurbanı olublar.

Şamil Abduləliyevin üzərində cərrahiyyə əməliyyatı aparılması, güllələrin çıxarılması üçün dəfələrlə müvafiq orqanlara müraciət olunsa da, razılıq verilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şamil Abduləliyevə 14 il 6 ay həbs cəzası verilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Digər Nardaran məhbusları da işgəncə altındadır

Nardaran məhbuslarından Aqil İsmayılova qarşı da eyni hal baş verib. O, 7 saylı cəzaçəkmə müəssisəsinə daxil olan kimi “karsa” salınıb. Aqilə verilən cəzanın da müddəti və səbəbi məlum deyil. Bundan əlavə, Nardaran məhbusu Abbas Hüseynova da Qobustandakı qapalı həbsxanada işgəncə verildiyi bildirilir.