''Nardaran işi'' yekunlaşır

Nardaran işi üzrə həbs olunan və hazırda istintaqı aparılan sonuncu şəxs Elxan İsgəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Bu barədə Meydan TV-yə məlumat verən vəkil Fariz Namazlı bildirib ki, onunla birlikdə hazırda səhhətinə görə polisin nəzarəti altına verilən Əbülfəz Bünyatovun da işi məhkəməyə göndərilir.
 
Fariz Namazlı bildirib ki, Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət işi materialları ilə tanış olub.
 
Elxan İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib. O, 5 noyabr 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sanunçu rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Sonradan Sabunçu rayon prokurorunun protesti əsasında Bakı Apelyasiya Məhkəməsinin qərarilə Sabunçu rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub- olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu rayon prokurorluğuna göndərilib. 
 
Sonradan cinayət işi araşdırılması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə göndərilib. 
 
Elxan İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. 
 
Vəkilin bildirdiyinə görə, yaxın günlərdə cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. 
 
Bununla da "Nardaran işi” adlı cinayət işinin istintaqı tamamilə yekunlaşacaq.