"Nardaran işi" üzrə təqsirləndirilən şəxslərin məhkəməsi təxirə salındı

"Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Rakurs TV-nin məlumatına görə, avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hazırda zamində olan Ə.Bünyatovun prosesə gəlmədiyi elan olunub. 

Növbəti məhkəmə prosesi avqustun 29-a təyin olunub. 

Elxan İsgəndərov

E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sanunçu Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.

Sonradan cinayət işi araşdırılması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə göndərilib.

E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda Ə.Bünyatovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib.

Əbülfəz Bünyatov

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər. Təqsirləndirilənlər isə günahsız olduqlarını, polislərin digər polis əməkdaşları tərəfindən öldürüldüyünü deyirlər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.