"Nardaran işi": Məhkəmədə qalmaqal, hakimlər zalı tərk etdi - Video

"Bizim qələbimiz birlikdən keçir. Hakimiyyət müxalif düşüncəli insanların arasında ixtilaf yaratmaq istəyir, biz buna imkan verməməliyik"

Rakurs TV-nin məlumatına görə, bunu "Nardaran işi" üzrə keçirilən apellyasiya məhkəməsində Tale Bağırzadə deyib. 

İyulun 20-də Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Əmir Bayramov sədrlik edib. Ötən iclasda hakim Əflatun Qasımov təqsirləndirilən şəxslərdən birinin çıxışına müdaxilə etmişdi, təqsirləndirilənlәr bundan sonra Ә.Qasımovu mәhkәmә proseslәrindә görmәk istәmәdiklәrini bildirmişdilәr. Bu gün keçirilәn prosedә məhkəmə etirazı qəbul etmədiyini açıqlayıb. Ümumilikdə proses qalmaqallı keçib, hakimlər məhkəmə salonunu tərk etməyə məcbur olublar. 

İclasın əvvəlində Tale Bağırzadə çıxış edib. O, hakimiyyəti müxalif düşüncəli insanların birliyinin qorxutduğunu, bu birliyin qorunmasının vacibliyini vurğulayıb:

"Bizim qələbəmiz birlikdən keçir. Hakimiyyəti hazırda ən çox qorxudan müxalif düşüncəli insanların birliyidir, biz bu birliyin pozulmasına imkan verməməliyik. Bizim şəxsən Milli Şura və AXCP rəhbərliyinə vicdan borcumuz var. Çünki pis vəziyyətdə olduğumuz halda onlar bizə yardım etdi. Peyğəmbər Məkkə müşriklərinə qarşı mübarizədə yəhudilərlə saziş bağlamışdı. Müxalifətçilər isə nə müşrik deyil, nə də kafir. Onlar da bu xalqın inanclı insanlarıdır.  Biz onlarla heç saziş də bağlamadıq. Onlar özləri bizə yardım əllərini uzatdılar. Bu birliyi qorumaq lazımdır. Heç bir avtoritar hakimiyyət dinc demokratik seçkilərlə hakimiyyətdən getməyib. Əliyev rejimi də demokratik seçkilərlə hakimiyyətdən getməyəcək, inqilabla devriləcəklər. Biz artıq yaxınlaşmaqda olan inqilabın səslərini eşidirik. Belə bir söz var: "Zalımlara mərhəmət etmək, məzlumlara zülmdür", biz də buna görə, bu hakimiyyətə mərhəmət etməməliyik, bütün qəzəbimizi yönəltməliyik"

Bundan sonra vəkillər son sözlə çıxış ediblər. İlk öncə vəkil Cavad Cavadov danışıb:

"İstintaq materiallarında göstərilir ki, Müsəlman Birliyi Hərəkatı qeyri-qanuni, terror qruplaşması olub. Sizə xatırlatmaq istəyirəm ki, Tale Bağırzadə MBH-ı həbsdə ola-ola təsis edib. MBH-nin təsis konfransı Azərbaycan dövlət himninin oxunması ilə başlayıb, daha sonra hərəkat qeydiyyata alınmaq üçün bütün hüquqi yollara baş vurub. Hansı terror təşkilatı belə edər? Bunlar istintaqın nəticələrini alt-üst edir. Tale Bağırzadə 2011-ci ilin may ayından həbs həyatı yaşayır. Bu adam 9 ay istisna olmaqla, artıq 7 ildir ki, həbsdədir. Gördülər ki, ona təzyiq göstərməyin yeri yoxdur, Nardaranda əməliyyat keçirdilər. Əməliyyat zamanı həlak olan polis işçisi Vüqar Əyyubovun ölümünə səbəb rəsmi materiallara görə ayağından qan itirməsidir. 21-ci əsrdə bir insanın qan itirmədən ölməsi qəribə haldır. Əməliyyat keçirirlər, bəs özləri ilə niyə ambulans gətirməyiblər? Digər polis İsmayıl Tağıyevin ölüm səbəbi kimi qarın boşluğundan güllə yarası alması göstərilir. Zirehli gödəkçədə olan şəxs qarın boşluğundan necə yara ala bilər? İstintaqda olan bu qaranlıq məqamlara aydınlıq gətirilməlidir. Saxlanılan şəxslər iki ay Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncələrə məruz qalıb, bu işgəncələr iş materiallarında qismən də olsa, öz əksini tapır. Tibb ekspertizasında göstərilib ki, Tale Bağırzadənin bədənində işgəncə izləri var. Lakin birinci instansiya məhkəməsində əməliyyatçı Elman Bayramov dedi ki, saxlanılan zaman Tale Bağırzadəyə heç bir təzyiq olunmayıb. Deməli, bu zədələr "Bandotdel"də yaranıb. Biz xahiş edirik ki, işə bəraətverici qərarla xitam verilsin"

Cavad Cavadovdan sonra digər vəkil Fariz Namazlı çıxış edib. O, məhkəməyə heç bir inamının olmadığını bildirib:

"Açığı bilmirəm, danışmağımda bir fayda varmı. Bu iş üzrə 17 nəfərə 22 maddə üzrə ittiham verilib. Birinci instansiya məhkəməsində 60-dan çox vəsatət verdik, heç biri də təmin olunmadı. Biz indi danışırıq, siz qulaq asırsız, sonra da çay içib, qərar verəcəksiniz. Heç olmasa inandırıcı ittihamlar irəli sürüləydi. İttihamda göstərilir ki, Tale Bağırzadə məscidlərdə, məclislərdə etdiyi çıxışlarda aşkar şəkildə xalqı konstitusion quruluşu dəyişməyə çağırıb. Onların belə niyyəti olsaydı, bunu aşkar şəkildə bildirməzdilər. "Nardaran işi" üzrə ümumilikdə 47 nəfər həbs olunub. 47 nəfərlə dövlət çevrilişi etmək olmaz. Heç olmasa bir neçə min insanı tutardılar, ondan sonra bu ittiham inandırıcı görünərdi. "Tale Bağırzadənin müraciəti" adlanan kitab 6-7 səhifədən ibarətdir. Orada Tale Bağırzadənin müavini Elçin Qasımova verilən işgəncələrdən bəhs olunur. Elçin Qasımov 2015-ci il noyabrın 5-də həbs olunub. Məhkəmədə şahidlərdən biri dedi ki, ona avqust ayında bu kitabçadan veriblər. Avqust ayında noyabr ayında olan hadisələr necə təsvir oluna bilər? Bu adamlar demokratik quruluş uğrunda mübarizə aparırlar. Onların uzunmüddətli həbs olunması o demək deyil ki, bu yoldan çəkinəcəklər. Belə bir deyim var ki, ədalət topaldı, gec yerisə də, gedəcəyi yerə axır-əvvəl çatır. Ona görə qərar verəndə vicdanlı və ədalətli olun"

Daha sonra əlavələr etmək üçün söz dustaqlara verilib. İlk öncə təqsirləndirilən Aqil İsmayılov danışıb:

"Siz bizim 26 noyabrda yaşadıqlarımızı yaşamamısınız. Adama ağır gələn odur ki, qardaşını gözünün qabağında öldürələr, adam da çarəsizcə baxa. 25 noyabrda insanları maşında döyə-döyə öldürdülər. Meyitlərin üzərinə çıxıb, əl-qolunu sındırırdılar. Bizə verilən 22 maddədə ittiham özlərini aiddir. Terrorla məşğul olanlar bizi terrorda ittiham edir. MBH yeganə hərəkatdır ki, ölkədə birlik yaratmağa çalışıb. Hakimlər toxunulmaz şəxslərdir, amma "Bandotdel"dən qorxurlar. Hakim şahidə zəng vurub, məhkəməyə gəlməməyini istəyirsə, bu, qorxunun əlamətidir"

Bu zaman hakim onun mahiyyətdən kənar danışdığını bildirərək, çıxışını davam etdirməsinə icazə verməyib. Bundan sonra digər təqsirləndirilən İbrahim Xudaverdiyev çıxış edib:

"Məhkəməyə kimi burada həbs olunan şəxslər bir-birini tanımırdı. İstəyirsinizsə, onların telefon zənglərini yoxlatdırıb, buna əmin ola bilərsiniz. Biz heç bir-birimizə zəng vurmamışıq. Mən savadsız adamam, yazıb-oxumağı bacarmıram, amma görün necə biriyəm ki, İlham Əliyev məni özünə rəqib bilib, həbs etdirdi"

Hakim İbrahim Xudaverdiyevin də sözlərini kəsərək, mahiyyətdən kənar danışdığını bildirib. Bu, təqsirləndirilənlərin narazılığına səbəb olub. Onlar hakimə iradlarını bildiriblər. Təqsirləndirilən Fuad Qəhrəmanlı hakimə deyib ki, o, burada inkivizisiya məhkəməsi qurmağa çalışır:

"Siz burada inkivizisiya məhkəməsi qurmağa çalışırsınız. Amma sizin istədiyiniz olmayacaq. Bu adamlar dövlət çevrilişində ittiham edilirlər, nədən danışmalıdırlar? Kartofdan danışası deyillər ki. Qorxmayın, bizim sözümüzə görə, siz məsuliyyət daşımırsınız, biz daşıyırıq, biz cavab verəcəyik. Heç Əlövsət Abbasov belə etmirdi"

Bundan sonra məhkəmə kollegiyası müşavirəyə gedib. Fasilə zamanı təqsirləndirilənlərdən Zakir Mustafayev məhkəmə salonundakı şəxslərə müraciət edib:

"Məscidlərdə namaz qılmaqla iş bitmir. Özünə mömin deyən şəxsin vəzifəsidir ki, gəlib bura, bizlərə dəstək olsun. And olsun, biz heç nədən qorxmuruq, mənim 85 yaşlı anam var, onu da qurban verməyə hazıram. Biz qalib gələcəyik, heç narahat olmağa dəyməz"

Hakimlər fasilədən qayıtdıqdan sonra təqsirləndirilənlərə söz verilməyəcəyini, dövlət ittihamçısının çıxış etməli olduğunu bildiriblәr. Bu, zalda oturan və təqsirləndirilən şəxslərin narazılığına səbəb olub. Onlar bildiriblәr ki, təqsirləndirilənlərin çoxu hәlә öz әlavәlәrini etmәyib. Bu zaman mübahisə yaranıb. Təqsirləndirilənlər əllərindəki su butulkalarını və ayaqqabılarını hakimə atıblar, yaranan qalmaqal zamanı hakimlər zaldan çıxıb. Prosesi izləməyə gələn şəxslər isə salondan çıxarılıb. Vəkillər də məhkəməni tərk ediblər. Təxminən 15-20 dəqiqə fasilədən sonra hakimlər zala qayıdaraq, vəkillər olmadan qərarı elan ediblər. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmü qüvvədə saxlayıblar. Vəkillər baş verən insidentdən sonra təqsirləndirilənlərə "karser" cəzasının verilə bilәcəyini deyirlәr.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tale Bağırzadə 20, Abbas Hüseynov 20, Fuad Qəhrəmanlı 10, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyev isə 10 müddətinə azadlıqdan məhrum ediliblər. Taleh Bağırzadə və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər. Həmin şəxslərin barələrində olan hökmdən verilən apelyasiya şikayətlərində onların barələrində bəraət hökmünün çıxarılması istənilib.

2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı adları qeyd edilən şəxslər həbs edilib. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunurlar. Əməliyyat zamanı 2 polis, 4 kənd sakini həlak olub.

T. Bağırzadə və digərləri ittihamı qəbul etmirlər. Onlar işgəncəyə məruz qaldıqlarını, ittiham saxta olduğunu bildirirlər. T. Bağırzadə bundan əvvəl bir neçə dəfə həbs edilib. O, hakimiyyəti sərt tənqid etməsi ilə tanınıb. T. Bağırzadə çıxışlarına görə, həbs edildiyini deyir.