"Nardaran işi 4": Əbülfəz Bünyadov barəsində əlavə tibbi ekspertiza keçiriləcək - Video

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib.
Hakim Ə. Hacıyev Ə.Bünyadovun səhhətinə görə məhkəmə iclasında iştirak edə bilmədiyindən və cinayət işi materiallarında onun səhhəti ilə bağlı ekspertiza rəyi olduğundan, o, hər hansı bir istintaq hərəkətləri aparıldığında iştirak edə bilmədiyindən onun barəsində tibbi ekspertizanın keçirilməsini təklif eləyib.
Vəkil Fariz Namazlı və dövlət ittihamçısı buna etiraz edərək, bunun əlavə vaxt itkisi olduğunu, digər təqsirləndirilən şəxs Elxan İsgəndərovun hüquqlarının pozulması və rəy gələnə kimi onun bir iki ay gözləməli olacağını bildiriblər.
Vəkil Fariz Namazlı bildirdi ki,işin içərisində də Əbülfəz Bünyadovun bədənin iflic vəziyyətində olması və hərəkət edə bilməməsi qeyd olunub. Hakim qərar qəbul edilməsi üçün müşavirəyə gedib və müşavirədən sonra məhkəmə Bünyadov barəsində əlavə tibbi ekspertizanın keçirilməsini qəbul edib və həmin rəy alınana qədər məhkəmə iclası qeyri -müəyyən vaxta qədər təxirə salınıb.
Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib.
 
O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.
 
E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.
 
Hazırda Ə.Bünyatovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyatov bir müddət azadlığa çıxıb.