Nardaran işi 3: "Saxta ittihamı da elə etmək lazımdır ki, ağılabatan olsun" - Video

"İcra hakimiyyətinin başçısı Qurana and içir, amma niyə görə hakimiyyətin digər qolu olan məhkəmələrdə Qurana and içilmir? Heç olmasa ifadə verən şahidlər atalarının qəbrinə and içsinlər, yoxsa "and içirəm" deməklə heç nə aydın olmur" - bu sözləri oktyabrın 9-u keçirilən "Nardaran işi 3" məhkəməsində vəkil Ramiz Məmmədov deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə prosesi təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışları ilə davam edib. Elxan Həsənovun hüquqlarını müdafiə edən Ramiz Məmmədov məhkəmənin bəraət hökmü verəcəyinə ümidli olduğunu bildirib:

"Hazırda Məhərrəmlik ayıdır. Bu ayda insanlar çalışırlar ki, pislik etməsinlər. Yaxşılıq etməyi bacarmasalar da, pislikdən çəkinməyə çalışırlar. Mən də məhkəmənin bəraət hökmü verəcəyinə ümid edirəm. Burada bizim milli qəhrəmanımızın ad və soyadını daşıyan bir şəxs var - Mübariz İbrahimov. O, keçən prosesdə soruşdu ki, ifadə verənlər and içirəm deyəndə, nəyə and içirlər. Mənə də maraqlıdır. Hakimiyyətin 3 qolundan biri olan icra hakimiyyətinin başçısı Qurana and içir, amma niyə görə hakimiyyətin digəri qolu olan məhkəmələrdə Qurana and içilmir? Hörmətli hakim, sizin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə müraciət etmək hüququnuz var, xahiş edirəm, bu məsələni aidiyyatlı qurumlar qarşısında qaldırasınız. Ya da, heç olmasa ifadə verən şahidlər atalarının qəbrlərinə and içsinlər, yoxsa "and içirəm" deməklə heç nə aydın olmur. Mən Elman Ağayevin çıxışına qulaq asdım, o və digərləri öz çıxışları ilə auditoriyanı ələ almaq qabiliyyətindədirlər, bu halda niyə silahdan istifadə etsinlər? Xahiş edirəm, müşavirədə də olmasa, bu barədə düşünəsiniz. Bizim rəsmilər tez-tez çıxışlarında Avropanı islamafobiyada ittiham edirlər, amma maraqldır ki, Avropada son 10 il ərzində terrora görə həbs olunanların sayı 35-40 nəfəri keçmir. Biz isə Nardaran işi ilə dünyaya göstəririk ki, guya təkcə Nardaranda 40 terrorçu var. Onda hansı haqla Avropanı islamafobiyada ittiham edə bilərik? Hüquqlarını müdafiə etdiyim Elxan Həsənov 2015-ci il noyabrın 24-ü Kərbəla ziyarətinə gedib, 17 gün sonra qayıdıb. Xarici pasportunda da bu tarixlər göstərilib. Amma ittiham aktında deyilir ki, guya bu adam noyabrın 26-ı Nardaranda silah paylayırmış. Bu adamın əkizi var yəqin onda. Saxta ittiham quraşdıranda da heç olmasa, bunu elə etmək lazımdır ki, ən azından ağlabatan olsun. Elxanın Lənkəranda evində axtarış ediblər, amma Cəlilabaddan hal şahidi gətiriblər, hal şahidi tapmaq üçün Cəlilabada getmək lazım deyildi, əgər həqiqətən də bu adamın evində silah vardısa, qonşularından 2 nəfəri dəvət edərdilər, onlar da şahidlik edərdi. Burada şahid kimi ifadə verən 2 nəfərdən biri - Hətəm Əliyevin ifadəsi 2016-cı il fevralın 18-də alınıb, digərinin - Rövşən Camalovun ifadəsi isə 5 ay sonra - iyulda. Amma ifadələri oxuyanda görürsən ki, nöqtə-vergülünə qədər eynidir. Bu, necə olur? İfadə məgər şeirdir ki, hamı eyni cür desin? Lənkəranın icra başçısı Valeh Qaraşov Elxan Həsənov barədə xasiyyətnamə verir. Bilmirəm, bunu həqiqətən o özü yazıb, ya yox, amma onu bilirəm ki, yüz faiz bu xasiyyətnamə kef məclisində yazılıb. Çünki bu xasiyyətnamənin çox hissəsi Elxan Həsənov barəsində yox, Elman Ağayev barəsindədir. Yazının 1-ci hissəsi Elxan Həsənov, digər hissəsi Elxan Həsənov və Elman Ağayev, 3-cü hissəsi isə sırf Elman Ağayev barədədir".

Vəkilin çıxışından sonra hakim növbəti prosesin oktyabrın 16-a təyin olunduğunu elan edib. 

Xatırladaq ki, 2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-i polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Onların bir qisminə il yarımdan 6 ilədək həbs cəzası verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Nardaran işi 2" üzrə məhkəmə prosesi gedən şəxslər Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevdir. Hazırda "Nardaran işi 2" və "Nardaran işi 3" üzrə məhkəmə prosesləri davam edir.