''Nardaran işi 3'': Şahid istintaqdakı ifadəsindən imtina etdi - Video

İyunun 30 -da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Nardaran işi-3” üzrə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə şahid ifadələri dinlənilib.

Şahidlərdən Tural Allahverdiyev Nardaranda baş verənlərlə bağlı istintaqda verdiyi ifadələrlə bağlı dindirilib. Allahverdiyev Tale Bağırzadə və onunla birgə tutulan digərləri barəsində verdiyi ifadədən imtina edib. Bildirib ki, istintaq zamanı verdiyi başqa ifadə olub, lakin müstəntiqlərə inandığına görə izahatı oxumadan imzalayıb və orada xüsusən də Zülfüqar Mikayılov və Elman Ağayev barəsində yazılan, yəni onların guya hadisələrdən bir neçə gün əvvəl Nardarana gəlib-getmələri, radikal çıxışlar etmələri barədə yazıların olmasının fərqinə varmadan kağıza imza qoyub.

Digər şahid Xəyal Qasımov da öz növbəsində ifadəni oxumadan imzaladığını bildirib. O məhkəmədə verdiyi ifadəsində “Müsəlman Birliyi Hərəkatı”nın təsisi zamanı müxbir kimi orada iştirak etdiyini, heç bir radikal çıxışların olmadığını deyib. Qasımov verdiyi ifadəni təsdiqləmədiyini, sadəcə Zülfüqar Mikayılov və Elman Ağayevi mömin insanlar kimi müsbət tərəfdən tanıdığını qeyd edib. 

Şahid ifadələrindən sonra hakim Z. Ağayev növbəti prosesin 3 iyulda davam edəcəyini elan edib. Qeyd edək ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. 

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.