Nardaran işi-3: "Rezin çəkiclə başıma vururdular"

Məni Elman Bayramovun otağında arxadan əlibağlı, beysbol taxtası ilə döydülər

Bu sözləri iyunun 16-da “Nardaran işi-3” üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən Elman Ağayev deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib. 

Rakurs TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahid qismində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İslam Ağabəyov ifadə verib. İ. Ağabəyov 2015-ci il noyabrın 29-da Lənkəranda əməliyyat keçirdiklərini və Elman Ağayevi həbs etdiklərini deyib. E. Ağayev İ.Ağabəyovun onlara işgəncə verdiyini bildirib:

“Allahdan qorx. Sən mənə Kərim Əlimərdovla birgə işgəncə vermisən. Mənim nə hislər keçirdiyimi bilə bilmərsən. Sənə yazığım gəlir”

Bu, qarşı tərəfin etirazına səbəb olub. İ. Ağabəyov E.Ağayevin sözlərini yalanlayıb:

“Şər atma. Özün də dindar adamsan. Mətbuatda mənim haqqımda nələr yazırlar. Onları oxuyanda stress keçirirəm. Hamısı yalandır. Mən heç kimə işgəncə verməmişəm”

Elman Ağayev bütün işgəncələri məhkəmədə deyə bilmədiyini, Elman Bayramovun otağında döyüldüyünü deyib:

““Bondotdel”də Mosu Paşayev qabağıma kağız qoydu, imzala dedi. Mən etiraz elədim, oxumaq istədiyimi bildirdim. Bundan sonra o, üstümə qışqırdı, ağır söyüşlərlə məni təhqir etdi. Sonra məni yuxarı – 5-ci mərtəbəyə qaldırdılar. Elman Bayramovun otağı idi. Orada 4 nəfər var idi: Elman Bayramov, Kərim Əlimərdov və İslam Ağabəyov. 4-cüsün xatırlamıram, məhkəmədə ifadə verməyib. Görsəm, onu da xatırlayacam. Beysboll taxtası ilə əllərim arxadanbağlı döyürdülər. Rezin çəkiclə başıma vururdular”.

Daha sonra Bilgəh və Nardaran kənd sakinləri Rasim Aslanov və Yusif Fərəcov ifadə veriblər. Rasim Aslanov 5 noyabrda Sabunçu rayon polis idarəsinin qarşısında saxlanıldığını, daha sonra sərbəst buraxıldığını bildirib. Müdafiə tərəfinin vəkilləti onun bu prosesə aidiyyatı olmadığını bildirib.

Yusif Fərəcov isə polislər tərəfindən “Bandotdel”ə aparıldığını deyib:

“Maşına mindirib apardılar. Orada dindirdilər. Məndən Əbülfəz Bünyatovgilin əleyhinə ifadə almaq istəyirdilər”.

Vəkil Zibeydə Sadıqova ondan neçə yaşının olduğunu soruşub. Məlum olub ki, Yusif Fərəcov dindirilən zaman 16 yaşında olub və nümayəndəsi olmayıb. Vəkillər bunun məhkəmə protokoluna qeyd edilməsini istəyiblər.