"Nardaran işi 3" : Hakim müdafiə vəkillərinin heç bir vəsatətini təmin etmədi - Video

Avqustun 7 -də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə “Nardaran işi-3” üzrə ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Dövlət ittihamçısı ötən məhkəmə iclasında müdafiə vəkillərindən vəkil Akif Əliyevin qaldırdığı vəsatətlərə - Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, RPŞ-nin sabiq rəisi Möhübbət Hüseynov, Lənkəran RPŞ-nin sabiq rəisinin sabiq müavini Elçin Səfərov , Lənkəran RPŞ-nin əməkdaşı , polis serjantı Hüseynov Hüseyn Nadir oğlu , hal şahidləri: Sultanov Sultanağa Nəriman oğlu, Qurbanov Arzu Xanbala oğlu , Elman Ağayevin anası Azadə Xəlil qızı Ağayeva, Elman Ağayevin bacısı Yeganə Seydəmir qızı Bayramova və iş üzrə təqsirləndirilən şəxslər Bağırov Tale Kamil oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu , Əliyev Ramil Zabil oğlu, İbrahimov İsa Tofiq oğlu məhkəmədə araşdırılan hazırkı cinayət işində əlavə şahid qismində dindirilməsi, hal şahidləri Sultanov Sultanağa Nəriman oğlu və Qurbanov Arzu Xanbala oğlu məhkəməyə şahid qismində dəvət olunmasını, Sultanov Sultanağa Nəriman oğlu və Qurbanov Arzu Xanbala oğlundan, Ağayev Elman Seydəmir oğlunun imza nümunələri alınaraq həmin imzaların 29.11.2015 tarixində tərtib olunmuş “Əməliyyat axtarış tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında” protokolda olan imzalarla eynilik təşkil edib etməməsi üçün məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatətlərinə münasibət bildirirək müdafiə vəkilinin verdiyi vəsatətləri əsaslı bilmədiyini ifadə edib.

Daha sonra vəkil Akif Əliyev Lənkəran rayon hüquq məsləhətxanasının vəkili Qurbanov Rəhim Qafar oğlunun məhkəməyə şahid qismində dəvət edilməsi, vəkil Qurbanov Rəhim Qafar oğlunun imza nümunələri alınaraq cinayət işində müdafiəçinin şübhəli şəxsə təyin edilməsi barədə 29.11.2015-ci il tarixli protokolda şübhəli şəxsə hüquqları barədə bildirişdə , əməliyyat-axtarış tədbirinin keçirilməsi, maddi sübutların götürülməsi haqqında 29 noyabr 2015-ci il tarixli protokolda , tarixi olmayan Elman Ağayevin izahatında şübhəli şəxsin tutulması haqqında 29 noyabr 2015-ci il tarixli protokolda , şübhəli şəxsin tutulma protokolunun və şübhəli şəxsin hüquqları barədə bildirişin təqdim edilməsi haqqında 29 noyabr 2015-ci il tarixli protokoldakı imzaların Rəhim Qurbanov tərəfindən icra olunub olunmaması barədə məhkəmə xətşünaslıq ekspertizası təyin olunması, vəkil Rəhim Qurbanovun adına yazılmış orederin həqiqətən də 29.11.2015-ci il tarixdə yazılmasını müəyyən etmək üçün Lənkəran hüquq məsləhətxanasından 009780 saylı orderin və ondan əvvəlki 009779 və 009781 saylı orderin kötüklərinin əsli Lənkəran şəhər hüquq məsləhətxanasından alınması, Rəhim Qurbanovun 29 noyabr 2015-ci il tarixdə Lənkəranda olub olmamasını müəyyən etmək üçün onun istifadəsində olmuş və bu gün də istifadə etdiyi mob 055 555 21 61 nömrəyə dair mobil operatordan (Bakcell MMC) anten məlumatlara dair sorğu verilməsi, 28.11.2015-ci il tarixdən 30.11.2015-ci il tarixədək Vaqif Nəhmət oğlu Bayramovun istifadələrində olmuş 055 758 67 24 və Hüseynov Balaxan Mirzə oğlunun istifadəsində olmuş 055 338 12 70 saylı mobil nömrələrinə gələn zənglər və onların olduğu məkana dair anten məlumatların alınmasına dair, BMCMİ –nin istintaq şöbəsinin müstəntiqi polis mayoru Moşu Paşayevin istifadəsində olmuş mobil nömrələrdən 29 noyabr 2015-ci il tarixdən 30 noyabr 2015-ci il tarixədək gələn və çıxan zənglərə dair məlumatlar, BMCMİ –nin əməliyyat müvəkkili Elman Bayramovun, Lənkəran RPŞ-nin sabiq rəisi Möhübbət Hüseynovun, həmin şöbənin sabiq rəis müavini Elçin Ağafən oğlu Səfərovun (mob 055 310 55 42), şöbənin YPX bölməsinin əməkdaşı Hüseynov Hüseyn Nadir oğlunun (mob 055 555 21 61) mobil nömrələrinə 29.11.2015 və 30.11.2015- ci il tarixlərində gələn-çıxan zənglərə və onların olduğu məkana dair anten məlumatlarına dair, hal şahidləri Sultanov Sultanağa Nəriman oğlu və Qurbanov Arzu Xanbala oğlunun istifadəsində olmuş mobil nömrələrə 29.11.2015 və 30.11.2015- ci il tarixlərdə gələn-çıxan zənglərə və onların olduğu məkana dair anten məlumatların alınmasına dair mobil telefon operatorlara sorğu verilməsinə dair vəsatətlər qaldırılsa hakim bu vəsatətləri təmin etməyib və növbəti məhkəmə 14 avqust saat 10:30-da davam edəcəyini elan edib.

Digər müdafiə vəkilləri də vəsatət verərək hal şahidlərinin çağırılması ilə bağlı vəsatətlər veriblər, qəbul olunub.

Qeyd edək ki, Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.