"Nardaran işi 2":"Təqsirləndirilən şəxslərin heç birini tanımıram, bu şəxsləri tutmamışam”

Rakurs.tv-nin verdiyi məlumata görə, sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə "Nardaran işi 2" üzrə növbəti məhkəmə prosesi şahid ifadələri ilə davam edib.
Şahidlərdən Sabunçu Polis İdarəsinin əməkdaşı Ağamir İbrahimov 5 noyabr 2015-ci il tarixli hadisə ilə bağlı ifadə verib:
“İdarədə olarkən səs - küy eşidib aşağı düşdüm. Aşağıda çaxnaşma var idi, təxminən 50-60-a yaxın adam vardı. Biz isə az idik. Sonra çevik polis alayının əməkdaşları gəldi və daş atanları, müqavimət göstərənləri tutub şöbəyə gətirdik. Konkret olaraq burada olan təqsirləndirilən şəxslərin heç birini tanımıram, bu şəxsləri tutmamışam”.Digər şahid Ramin Cəfərov Tale Bağırovun moizələrində iştirak etdiyini, lakin orada tənqidi fikirlər səslənsə də hakimiyyət əleyhinə heç bir çıxışın, qanunsuz əməllərin törədilməsi ilə bağlı söhbətlərin olmadığını qeyd edib.
Daha sonra məhkəmə digər şahidlərin gəlmədiyini deyərək növbəti prosesi 6 oktyabr saat 14:00-a təyin edib.
Xatırladaq ki, 2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-i polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Onların bir qisminə il yarımdan 6 ilədək həbs cəzası verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Nardaran işi 2" üzrə məhkəmə prosesi gedən şəxslər Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevdir. Hazırda "Nardaran işi 2" və "Nardaran işi 3" üzrə məhkəmə prosesləri davam edir.