"Nardaran işi-2" üzrə məhkəmə prosesi davam edib - Video

26 may tarixində "Nardaran işi 2" üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Mayıl Bayramov sədrlik edib.

Rakurs TV-nin məlumatına görə, prosesdə şahid qismində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dindirilib. Onlardan 3-ü Valeh Mustafayev, İsrafil Mustafayev və Siyavuş Mirzəzadə 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verənlər haqda ifadə veriblər. Həmin gün Elçin Qasımovu həbs edib, idarəyə gətirəndən sonra bir qrup adam idarənin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib.

Hər üç polis əməkdaşının ifadəsi demək olar ki, eyni olub. Onlar təqsirləndirilən şəxslərdən heç kimi tanımayıblar. Özləri aksiya iştirakçılarından heç kimi saxlamadıqlarını desələr də, idarənin qarşısına toplaşanların polislərə daş atdıqlarını iddia ediblər. Konkret kimin atdığını isə görmədiklərini bildiriblər.

Şahid Valeh Mustafayev ifadəsində deyib ki, futboldan idarəyə qayıtdıqları zaman bəziləri onlara daş atıb: ”Onları sakitləşdirməyə çalışırdıq. Oradakılar Elçin Qasımovun azad edilməsini tələb edirdi. Polislərin əşyaları axtardıqlarını görməmişəm. Çevik polis alayı gələndən sonra ara qarışdı, tutatut başladı”.

Digər şahid İsrafil Mustafayev məlum yerə yaxınlaşanda 70-80 nəfərin artıq orada olduqlarını məhkəməyə bildirib:

“Yüksək səslə qışqırırdılar. Təqsirləndirilən şəxsləri tanımıram və kiminsə xəsarət almasını görməmişəm”

Onun bu sözləri məhbusların etirazı ilə qarşılanıb. Onlar zərərçəkmişin yalan danışdığını deyiblər. 

Şahid Siyavuş Mirzəzadə  isə hadisə yerində 150 nəfərin olduğunu  və 2 nəfəri şəxsən özünün tutduğunu qeyd edib.

Növbəti məhkəmə prosesi iyunun 2-ə təyin olunub.

 

Xatırladaq ki, 2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əmıliyyat nəticəsində 2-i polis olmaqla 6 nəfər ölüb.

Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Onların bir qisminə il yarımdan 6 ilədək həbs cəzası verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və Abbas Hüseynova 20 il, digər 16 nəfərə 10 ildən 19 ilədək azadlıqdan məhrumetmə cəzası verilib. Hazırda "Nardaran işi 2" və "Nardaran işi 3" üzrə məhkəmə prosesləri davam edir. 

"Nardaran işi 2" üzrə məhkəmə prosesi gedən şəxslər Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevdir.