Nardaran işi - 2: "Tale Bağırzadə məhkəmədə dindirilsin"

"Evimdən götürülmüş 20 min dollar qaytarılsın" - bu sözləri "Nardaran işi 2" üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən Elgün Axundov deyib. 

Noyabrın 24-də "Nardaran işi 2" üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Mayıl Bayramov sədrlik edib.

Rakurs TV-nin məlumatına görə, öncə təqsirləndirlən Seymur Aslanovun atası Tərlan Aslanov dindirilib. Deyib ki, həyətindən tapıldığı və oğlu Seymura məxsus olduğu iddia olunan qumbaranı həyətə elə onu tapanların özləri qoyub: “Səhərə yaxın saat beş olardı. Bağban məni çağırdı, gördüm ki, həyətdə xeyli adam var. Bütün həyətə səpələnmişdilər. Həyətimizdə dörd ev var, üçü oğlanlarımın, biri isə özümün yaşadığım ev. Əllərində dəmir, guya silah-sursat axtarırlar. İki saat axtarandan sonra guya kiçik oğlumun evinin küncündən qumbara tapdılar. Dedim ki, həyət mənimdi, aparırsınızsa, məni aparın. Dedilər ki, yox, Seymuru aparmalıyıq...”

Təqsirləndirilənləri müdafiə edən vəkil Fariz Namazlı isə bir neçə vəsatət qaldırıb. O, "Nardaran işi 1" və "Nardaran işi 3" prosesində adı keçən 28 nəfərin bu məhkəmədə dindirilməsini istəyib. Həmçinin, Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış ilahiyyatçı Tale Bağırzadənin gətirilib məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verib. Vəkil bunu, cinayət işinin materiallarında təqsirləndirilənlərin üzərindən “Tale Bağırzadənin müraciəti” adlı kitabçanın tapıldığı iddiası ilə əsaslandırıb. İstintaq orqanının iddiasına görə, həmin kitabça Tale Bağırzadənin sözləri əsasında yazılıb. Ona görə təqsirləndirilən şəxslər hesab edir ki, ilahiyyatçı məhkəmədə dindirilməli, belə bir kitabçanın olub-olmadığına aydınlıq gətirməlidir. Tale Bağırzadə öz məhkəməsində bildirmişdi ki, onların həbsinə qədər belə bir kitabça ümumiyyətlə olmayıb, onu Nardaran hadisələrindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hazırlayıb, iş materiallarına əlavə ediblər:  “Kitabçada 26 noyabr 2015-ci ildə Nardaranda keçirilmiş əməliyyatdan bəhs olunur. Həmin gün mən həbs olunmuşamsa, əvvəlcədən mən bunları necə görüb o kitabçada yazdıra bilərdim?” Amma hakimlər Tale Bağırzadənin, eləcə də Nardaran hadisələrinə görə həbs olunub, dövlət çevrilişinə cəhd, terrorçuluq kimi ağır maddələrlə ittiham olunan digər 28 nəfərin bu məhkəmədə dindirilməsi haqda vəsatəti təmin etməyib.

Təqsirləndirilən şəxslərdən Elgün Axundovun evində axtarış zamanı götürülmüş 20 min manata yaxın pulun, Ağaəli Yəhyayevin avtomobilinin yaxınlarına qaytarılması haqda da vəsatətlər verilib. Elgün Axundov deyir ki, polislərin götürdüyü pullar başqa adama məxsusdur. Təqsirləndirilən Əmirəli Əliyev isə 14 saylı hüquq məsləhətxanasında çalışan vəkil Aytən Əliyevadan vəsatət verib. Onun sözlərinə görə, həbsinin ilk günlərində ona dövlət hesabına bu xanımı vəkil təyin ediblər, amma həmin xanım ona vəkillik eləməyib. Üzünü görmədən, şikayətlərini dinləmədən müstəntiqin tərtib elədiyi protokollara imza atıb.

Əmirəli Əliyev məhkəmədə vəsatət qaldırıb ki, vəkil Aytən Əliyeva üzərinə düşən vəzifəni yerinə yetirmədiyinə görə onun cəzalanması üçün Vəkillər Kollegiyasına müraciət olunsun. Hakim Əmirəli Əliyevə deyib ki, bu məsələyə yekun hökmdə qiymət veriləcək. Əgər vəkilin hərəkətlərində qanunsuzluq aşkarlansa, Vəkillər Kollegiyasına müraciət olunacaq. Daha bir vəsatət isə təqsirləndirilən İsa İbrahimovun atası Tofiq İbrahimovun dindirilməsi haqda olub. Nardaran hadisələri zamanı Kərbəlada olan İsa İbrahimov deyir ki, onun evindən tapıldığı iddia olunan silah-sursatı elə polislər özləri qoyub: “Əgər mənim evimdə silahım olsaydı, elə Kərbəladan qayıtmamışdan əvvəl atama xəbər verərdim, gizlədərdi də...” Hakimlər Tofiq İbrahimovun evində aparılmış axtarışla əlaqədar dindirilməsinə etiraz etməyib. O, dekabrın 1-də keçiriləcək növbəti məhkəmədə dindiriləcək.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.