Nardaran işi-2: "Emzar Qocayev dedi ki, əgər belə etməsək, işdən çıxardarlar" - Video

"Nardaran işi -2" üzrə məhkəmə prosesi davam edib

İyunun 9-da "Nardaran işi" üzrə təqsirləndirilən Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və üzvləri Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Mayıl Bayramov sədrlik edib.

Rakurs TV-nin məlumatına görə, prosesdə şahid qismində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları dindirilib. Elman Abdullayev, İlkin İbrahimov və digər polis işçiləri 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verənlər haqda ifadə veriblər. Həmin gün Elçin Qasımovu həbs edib, idarəyə gətirəndən sonra bir qrup adam idarənin qarşısına toplaşaraq onun azadlığa buraxılmasını tələb edib. 

Polis əməkdaşlarının ifadəsi demək olar ki, eyni olub. Onlar bildiriblər ki, hadisə yerinə çatdıqda artıq qarışdurma bitib və heç bir çaxnaşmanın şahidi olmayıblar. Yerli sakinlər isə polislərin ərazini tərk etmələri barədə xəbərdarlığından sonra hadisə yerindən uzaqlaşıb. Polislər onlara heç bir ziyan dəymədiyini, gecə növbəsində olduqları müddətdə də hər hansı insidentin qeydə alınmadığını deyiblər. 

Sabunçu Rayon 14-cü Polis Bölməsinin əməkdaşı Bəylər Əyyubov Elçin Qasımovun evinə baxış zamanı iştirak etdiyini bildirib. O, axtarış zamanı evdən bir ədən əl qumbarası və "Makarov" tipli tapanca, xeyli sayda güllə və dini ədəbiyyat aşkar etdiklərini deyib. Bu, təqsirləndirilənlərin narazılığına səbəb olub. Elçin Qasımov Bəylər Əyyubovun yalan danışdığını deyib:

"Güya uşaqlarımın yatdığı çarpayının altında silah olub. Məndə silah olsaydı, uşaqların yanına niyə qoyurdum? "Bandotdel"də silahla bağlı bizə çox əziyyət etdilər. İstintaq qrupunun rəhbəri Pərviz İbayev, müstəntiq Emzar Qocayev və vəkil Elnur Nəbiyev istəyirdi deyək ki, silahı bizə Tale Bağırzadə verib. Güya, biz hakimiyyət çevrilişinə hazırlaşırmışıq. Lakin biz bundan imtina etdik. Emzar Qocayev mənim yanımda kiməsə zəng edib, soruşdu ki, silahı hardan tapıblar. Həmin adam da dedi ki, uşaqların çarpayısının altından. Emzar Qocayev ağladı. Dedi: "Mən bunu necə yazım". Pərviz İbayev silahı boynuma götürməsəm, atamı tutacaqlarını dedi. Dedi ki, neçə nəfər atası ilə birlikdə həbs edilib. Başqa cür mümkün deyil. Emzar Qocayev dedi: "Mənim də ailəm, uşaqlarım var. Məni başa düş. Əgər belə etməsək, bizi işdən çıxardarlar. Mən sənə qardaş kimi deyirəm". Dedilər yaz ki, zibillikdən tapmısan və polisə təqdim etməyə vaxt olmayıb. Mən də bu formada yazdım".

Növbəti proses iyunun 16-a təyin olunub.

2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əmıliyyat nəticəsində 2-i polis olmaqla 6 nəfər ölüb.

Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Onların bir qisminə il yarımdan 6 ilədək həbs cəzası verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və Abbas Hüseynova 20 il, digər 16 nəfərə 10 ildən 19 ilədək azadlıqdan məhrumetmə cəzası verilib. Hazırda "Nardaran işi 2" və "Nardaran işi 3" üzrə məhkəmə prosesləri davam edir.