"Nardaran 4" işi: Dövlət ittihamçısı ittiham aktını elan edib - Video

Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun (səhhətinə görə görə polis nəzarəti altında olan) məhkəmə prosesi keçirilib. Prosesdə E.İsgəndərov və vəkil Fariz Namazlı, Ə. Bünyadovun vəkili Nərdanə Fərzəliyeva, dövlət ittihamçısı Fərid Nağıyev də iştirak ediblər. Ə. Bünyadov məhkəmə zalına “təcili yardım” xərəyində gətirilib.

Dövlət ittihamçısı F. Nağıyev ittiham aktını məhkəmədə elan edib. Təqsirləndirilən şəxslərdən heç biri ittiham aktı üzrə özlərini təqsirli bilmədiklərini məhkəməyə bildiriblər. Daha sonra hakim Ə. Hacıyev Ə. Bünyadov və E. İsgəndərova sərbəst ifadə verməyi təklif edib. E. İsgəndərov ifadəsində “Müsəlman Birliyi Hərəkatı”nın üzvü olduğunu deyərək, idman ustası olduğunu, bir neçə idman klublarında məşq keçdiyini bildirib:

“Mən Sabunçu Rayon Polis İdarəsinin qarşısında olmamışam, məni Sabunçu rayon İcra Hakimiyyəti qarşısında saxlayıblar, daha sonra barəmdə 15 sutka həbs cəza verilib. Nardaran hadisələri mən həbsdə olan zaman baş verib”.

Digər təqsirləndirilən şəxs Ə. Bünyadov səhhəti ilə əlaqədar ifadə vermək iqtidarında olmayıb, bundan sonra məhkəmənin 23 fevral tarixində davam edəcəyi elan edilib.

Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib. O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyadovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyadov bir müddət azadlığa çıxıb.