Nahid Cəfərov: Pyotr Tolstoyun səsləndirdiyi fikirlər birbaşa təhdiddir

Nahid Cəfərov: Pyotr Tolstoyun səsləndirdiyi fikirlər birbaşa təhdiddir

Rusiya Duması vitse-spikerinin çıxışına Bakıda münasibət
 
"Rusiya Dumasının vitse-spikerinin bu ölkənin dövlət kanalında Azərbaycanı təhdid etməsi bir daha sübut edir ki, başqalarının torpaqlarında ağalıq etmək və qan tökmək Rusiyanın dövlət siyasəti olaraq qalmaqda davam edir”. 
 
Müsavat partiyasının üzvü Vəfa Cümşüdlü Rusiya Dumasının vitse-spikeri Pyotr Tolstoyun çıxışını şərh edərkən "ToplumTV”-yə belə deyib. 
Pyotr Tolstoy noyabrın 10-da "Rusiya 1" telekanalındakı çıxışı zamanı Qarabağda yerləşdirilən rus sülhməramlıları məsələsinə toxunub. Onun nitqi Azərbaycanda əksəriyyət tərəfindən ölkə üçün təhdid olaraq qiymətləndirilib.
 
"Qarabağda sülhməramlılarımızın başından bir tük əskik olarsa, Sakaaşvilinin yuxusunda görmədiyi hadisələr olacaq. O vaxt Tbilisini götürmədik, amma bu dəfə her şey daha betər olacaq. Rusiya özünü və dostlarını qorumağı bacarır"-  vitse-spiker belə deyib. 
 
Vəfa Cümşüdlünün sözlərinə görə, Rusiyanın işğalçı ordusu Azərbaycana  "sülhməramlı,, deyə təqdim olunur: "Halbuki onlar Qarabağda istənilən vaxt təxribat törədəcəklər, bunu ya ermənilərin, ya da azərbaycanlıların ayağına yazıb növbəti məkrli məqsədlərini həyata keçirmək üçün istifadə edəcəklər”.
 
O həmçinin bildirib ki, noyabrın 9-da Rusiyaya məxsus helikopter vurulandan və Xırdalana iki raket atılandan sonra müharibənin dayandırılması ilə bağlı üştərəfli bəyanat imzalanması vitse-spikerin təhdidlərinin əsaslı olduğunu göstərir.
 
"Bu, həmişə belə olub, yaxın tariximizdə də nümunələri çoxdur, Azərbaycanda Xocalı faciəsini və 20 yanvar qırğınını törətdilər, Qarabağı işğal edib ermənilərə verdilər. Gürcüstanda Abxaziyanı, Cənubi Osetiyanı, Ukraynada Krımı işğal etdilər, Donetsk və Luqanskda vətəndaş müharibəsi başlatdılar”.
 
"Oyan” Hərəkatının İdarə Heyətinin üzvü Nahid Cəfərov hesab edir ki, Tolstoyun səsləndirdiyi fikirlər birbaşa təhdiddir, amma daha vacib məqam bu fikrin əslində kimə məxsus olmasıdır. 
 
"Əgər bu fikir Tolstoyun beyninin məhsuludursa, bunu Ermənistan xalqına olan sevgisindən dolayı dilinə gətiribsə, o qədər də ciddi qəbul etmək lazım deyil. Sonunda Duma Rusiyada qanunverici orqandır, icaraedici deyil. Bizim də millət vəkillərimiz arada başqa dövlətləri asıb-kəsirlər.  Yox əgər bu fikir Putinin vermək istədiyi mesajdırsa, o zaman kifayət qədər ciddi bir mesajdır”. 
 
Ancaq onun sözlərinə görə, Tolstoyun verdiyi mesajın həyata keçirilməsi bir neçə səbəbə görə real deyil: "Buna İran ciddi-cəhdlə mane olacaq. Heç bir dövlət qonşuluğunda Rusiya kimi nəhəng bir dövləti görmək istəməz. O səbəbdən də Rusiya ilə İran arasında kiçik dövlətlərin olması Tehranın milli maraqlarına tam uyğundur. İkincisi, Türkiyə buna imkan verməyəcək. Türkiyədəki hazırkı siyasi diskurs millətçilik üzərində qurulub. Belə bir şəraitdə Rusiyanın Türkiyənin türk dünyasına yeganə çıxışı olan Azərbaycanı işğal etməsinə müsaidə etməyəcək”. 
 
N.Cəfərov həmçinin qeyd edib ki,  Rusiya Krımı işğal edəndən sonra ciddi sanksiyalarla üz-üzədir və koronavirusa görə ölkə iqtisadiyyatı sürətlə zəifləyir: "Digər tərəfdən, Qərb də bilir ki, əgər Rusiya Qafqazı tam nəzarətə götürsə, növbəti hədəf Avropa İttifaqı üzvləri olan Baltikyanı dövlətlərdir. Bu səbəbdən də Rusiyaya qarşı təzyiqlar daha sərt olacaq. Rusiya növbəti təzyiqlərlə üz-üzə qalsa iqtisadiyyatı davam gətirməyə bilər”. 
"Oyan” Hərəkatının sözlərinə görə, Tolstoyun çıxışı  daha çox erməniləri sakitləşdirməyə və Azərbaycandakı hakimiyyət üçün alternativin daha pis olacağı illuziyasını yaratmağa hesablanıb: "Yəni, sıravi azərbaycanlı düşünsün ki, yaxşı ki, İlham Əliyev bu sazişi imzaladı, yoxsa Bakını da itirərdik”.
 
Noyabrın 10-da Moskva vaxtı ilə saat 00:00-da Qarabağda döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan bəyanat imzalanıb. Tərəflər hazırda tutduqları mövqelərdə qalacaqlar. Bəyanatda həmçinin qeyd olunur ki, Kəlbəcər rayonu noyabrın 15-dək, Ağdam rayonu noyabrın 20-dək, Laçın rayonu isə dekabrın 1-dək Azərbaycana qaytarılır, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir.

Facebook