Myanmada müsəlmanların qanını tökən BUDDİST RAHİB - Burmalı Bin Laden - Video

“Bir ilan harda olursa olsun, zəhərlidir! Sadəcə bir dənədir deyə ilanı zərərsiz görə bilmərsiniz. O harda olursa olsun təhlükəlidir. Müsəlmanlar da belədir”.

“A24.az”ın məlumatına görə bu sözləri özünü “Burmalı Bin Laden” adlandıran buddist rahib Aşin Viratu deyir.

Aşin Viratu kimdir?

Myanmarlı buddist olan rahib Myanmardakı islam əleyhinə 969 hərəkatının lideridir. Sözləri ilə kütlələri qorxu və nifrətə itələyən buddist rahib Viratu müsəlmanların ölkəni ələ keçirməyə çalışdıqlarını irəli sürərək özünə tərəfdar toplayır.

Ölkənin 90 faizi buddist olan 55 milyonluq ölkənin sadəcə 5 faizi müsəlmandır.

Müsəlmanların ölkədən qovulmasını istəyən Viratu son illər yüksələn islam əleyhinə çıxışlarından dolayı məsuliyyətə cəlb olunub. Həmçinin rahib müsəlmanlara vətəndaşlığın verilməsinə qarşıdır. Müsəlmanların buddistlərlə evlənməsinin də qadağan olunmasını istəyir.

İslam əleyhinə etdiyi açıqlamaları ilə 2003-cü ildə 25 il həbs cəzasına məhkum edilsə də, 9 ildən sonra azadlığa buraxılıb.

2012-ci ildə təşkil etdiyi mitinqdən sonra Arakanda müsəlmanlara qarşı təcavüz və zorakılıq halları artmağa başlayıb, onlarla insan isə həyatını itirib.

Daha sonra Viratu sosial mediada nifrət dolu paylaşdığı fikirlərlə on minlərlə təqibçi toplayıb. Hökumətin müsəlmanların əleyhinə qərarlar çıxartmasında təsiri olub.

2013-cü ildə “Buddist terrorun siması” başlığı ilə “Time” jurnalının üz qabığı olub. Viratu müsahibəsində “Artıq dözməyin vaxtı keçib. Zaman nifrət və intiqam zamanıdır. Qanımızın qaynaması və qan tökmək zamanıdır” deyib. Lakin Myanmar hökuməti jurnalın ölkəyə daxil olmasını qadağan edib.

Müsəlmanların ilanlar qədər təhlükəli olduğunu söyləyən Viratu “Sevgi və yaxşılıqla zəngin ola bilərsiniz, ancaq dəli bir itin yanında yata bilmərsiniz” deyərək, müsəlmanları təhqir edib.

Bütün bu açıqlamalarına baxmayaraq, buddist rahib müsəlmanlara nifrət bəsləmədiyini, sadəcə öz xalqını qoruduğunu söyləyir.

Viratuya 2018-ci ilin mart ayına qədər mitinq və ya nümayiş keçirməsi qadağan edilib. Lakin tərəfdaşlarının ordunun əməliyyatlarında paralel olaraq müsəlmanlara hücum etdiyi bildirilir.