Müxalifət nümayəndələri Siyavuş Novruzovun fikirlərinə münasibət bildirdi

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mətbuata verdiyi son açıqlamasında müxalifət komandasının qocaldığını bildirib. YAP funksioneri lent.az-a verdiyi müsahibədə müxalifətin uğur qazanmamağına baxmayaraq, rəhbərliyində və tərkibində dəyişikliklər etmədiyini deyib. 

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəyasət heyətinin üzvü İlham İsmayıl deyir ki, Novruzon dedikləri hər zaman bumeranq effekti verir: 

"Siyavuş Novruzov həmişə elə arqumentlərdən yapışır ki, həmin arqumentlər bumeranq kimi hökumətin özünə qayıdır. Bu dəfə də eyni xətanı təkrarlayıb. Əvvəla, bu hakimiyyətə el arasında “qocalar hakimiyyəti” deyirlər ki, bu da Siyavuş Novruzova ən yaxşı cavabdır. İkincisi, 50 ilə yaxındır hakimiyyət kürsülərindən sallaşan, vəzifədən əl çəkməyən bu hökumətin kadrlarıdı. Bunların Gənclər nazirinin 54, baş nazirlərinin 82, Adminstrasiya rəhbərinin 80 yaşı var. Deputatlardan tutumuş, icra başçılarına qədər bütün kadrları pensiya yaşını keçib. Müxalifətin qocalmasına gəlincə, Siyavuş Novruzov yenə də rəqəmləri yaxşı hesablaya bilməyib. Məsələn, AXCP-nin rəhbərliyində təmsil olunanların mütləq əksəriyyəti gənclərdir və gəncləşmə siyasəti davam edir. Siyavuş Novruzov şərlənərək həbs olunan cəbhəçilərin siyahısına nəzər salsa, yaxud bugün AXCP-nin ümumi vitrinini gözdən keçirsə, gənclərin üstünlük təşkil etdiyini aydın şəkildə görə bilər. Öz adlarını özgələrinə qoymaq, bunların çoxdankı adətidir."

 

İlham Huseyn

Müsavat Pariyasının başqan müavini Yadigar Sadıqov isə Siyavuş Novruzovun verdiyi açıqlamalarla öz partiyasına ziyan vurduğunu deyir:

"Siyasət bir qədər şahmata bənzəyir. Burada bir iddia irəli sürəndə, bir fikir söyləyəndə öncə rəqibin də verə biləcəyi cavabı nəzərə almaq lazımdır. Siyavuş Novruzov isə bu keyfiyyətləri ilə heç zaman fərqlənməyib. Şahmat dili ilə desək, "iki gedişli kombinasiya"nı fikirləşmək cənab deputatın intellekti üçün çox ağır yük olur. Ona görə də məsuliyyətsiz, öz partiyasının ziyanına işləyəcək açıqlamaları ilə gündəmə gəlir. Ola bilsin ki, bu açıqlama son günlər Əli Həsənovun nəvəsinin törətdiyi avtoqəza fonunda cəmiyyətin yenidən məmur gəlirlərini hesablamağa başlaması ilə bağlıdır. Lakin bu zaman da gündəmi dəyişmək üçün daha uğurlu fikir söyləmək olardı.

Yadigar Sadıqov 

Mövzuya gəlincə isə, Siyavuş Novruzova xatırlatmaq istərdim ki, mənsub olduğu iqtidar heç zaman gəncliyi ilə seçilməyib. Heydər Əliyev hakimiyyətə 70 yaşında gəlib. Bugün Azərbaycan hökuməti dünyada orta yaşı ən yüksək olan hökumətlərdən biridir. Baş nazirin 80-dən çox yaşı var. Son günlərin qəhrəmanı, baş nazirin və YAP sədrinin müavini Əli Həsənovun 70 yaşı var. Siyavuş Novruzov hökumətin orta yaş həddini, məsələn, Müsavat Partiyasının rəhərliyinin orta yaş həddi ilə müqayisə etsin (toplamaq və bölmə ilə çətinlik çəksə, kömək edərik), sonra da kimin daha qoca olduğunu söyləsin. Digər tərəfdən, yaş qocalığından başqa, düşüncə, zəka qocalığı da var. Bu cəhətdən də hakimiyyət gəncliyi ilə öyünə bilməz. Çox geriçi, çox qoca, çox patriarxal təfəkkürə malik bir hakimiyyətə malikik. Bu baxımdan Siyavuş Novruzov özü 50 yaşı olmasına baxmayaraq, olduqca qocadır". 

Rakurs TV