Mustafa Hacıbəyli: ''Guya yazılarda istintaqın aparılmasına xələl gətirən məlumatlar var''

İyunun 16-da “Bastainfo.com” saytının baş redaktoru Mustafa Hacıbəyli Baş Prokurorluğa çağırılıb. Bu barədə məlumatı baş redaktorun özü verib. O, prokurorluğa vəkili Nemət Kərimli ilə getsə də, Baş prokurorun müavini Rüstəm Usubov onu tək qəbul edib. 

Mustafa Hacıbəyli ona jurnalist Əfqan Muxtarlı haqqında yazılan yazılara görə xəbərdarlıq edildiyini bildirib:

“Söhbət “Əfqan Muxtarlının başına 300 min dollar pul qoyulub?”, “Son həbslər və Müsavat“, “Əfqan Muxtarlıdan yeni heyrətamiz xəbər” yazılarından gedir. Guya həmin yazılarda istintaqın aparılmasına xələl gətirən və ictimaiyyəti çaşdıracaq məlumatlar var.

Yazılarda verilən məlumatların Gürcüstan mediasına istinadən yayıldığını və insan oğurluğu barədə faktın Gürcüstan prezidentinin də vurğuladığını Rüstəm Usubovun nəzərinə çatdırdım. Amma o, iradları qəbul etmədi. Rüstəm Usubov Azərbaycanın özünün media haqqında qanunlarının olduğunu və bu qanunlara əməl olunmasının vacib olduğunu bildirdi”.

Müsavat Partiyası Mustafa Hacıbəyliyə edilən xəbərdarlıqla bağlı bəyanat yayıb. 

Partiya hesab edir ki, Avropa Parlamentinin bir gün əvvəl qəbul etdiyi “Əfqan Muxtarlı hadisəsi və Azərbaycanda medianın vəziyyətinə dair” qətnamədən dərhal sonra Mustafa Hacıbəylinin  baş prokurorun müavini Rüstəm Usubovun yanına çağırılması Müsavat Partiyasına qarşı təzyiq, Azərbaycanda tüğyan edən ifadə azadlığına qarşı total basqının davamıdır. 

“Müsavat Partiyası mediaya basqılara, ifadə azadlığına qarşı təzyiqlərə son qoyulmasını, eyni zamanda jurnalist Əfqan Muxtarlının dərhal azad edilməsini hakimiyyətdən bir daha tələb edir” – bəyanatda vurğulanır.

Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.