Mustafa Hacıbəyli: ''Bastainfo'' hakerlərin hücumuna məruz qalıb

“Saytın materiallarını paylaşmaq mümkün olmur”

“Bastainfo.com” saytı fevralın 21-dən başlayaraq hakerlərin hucumuna məruz qalıb.

Bu haqda saytın baş redaktoru Mustafa Hacıbəyli məlumat verib.

“Artıq iki gündür ki, saytın materiallarını paylaşmaq mümkün olmur. Məlumatlar paylaşılarkən “Facebook” və digər şəbəkələrdən bildiriş gəlir ki, “Bəzi “Facebook” istifadəçiləri bu materialı təhqiredici sayaraq şikayət etdiyi üçün silinib”. Hücumun ilk saatlarında 200-dən artıq material silinib. Onları bərpa edirik, əvəzində başqa materiallarımız silinir”.

M.Hacıbəyli deyir ki, sayta da haker hucumu var: “Sayta virus yüklənilir və anonim ip-lər vasitəsilə süni trafik yaradılır. Bəzi oxucularımızın telefonlarına və kompüterlərinə saytdan virus gəldiyi barədə bildirişlər gedir”.

Baş redaktor deyir ki, “Basta”da heç vaxt təhqiredici materiallar dərc edilməyib. Bu şikayətlər kütləvi şəkildə trollar (internetdə təxribat xarakterli materiallar paylaşan, habelə kimliyini gizlədən-red.) vasitəsilə təşkil edilir:

“Səbəb “Basta”nın Azərbaycanda hakimiyyəti tənqid edən materiallara, o cümlədən hakim ailənin korrupsiya əməlləri barədə beynəlxalq jurnalist təşkilatların hesabatlarına, siyasi məhbuslar mövzusuna, müxalifətin aksiyalarına, aparıcı müxalifət partiyalarının fəaliyyətinə geniş yer verməsidir. Trollar və hakerlər vasitəsilə edilən bu hücumlar siyasi senzuranın yeni üsuludur. Bunu hücumu hakimiyyət təkil edib.

“Azad Söz” hələ fevralın 20-də belə bir trol hücumu olacağı barədə xəbər yaymışdı. Həmin xəbərdə Azərbaycanda 17 internet resursuna hucum barədə verilən tapşırıq ifşa edilmişdi. Meydan TV ilə başlayan və Turan TV ilə yekunlaşan həmin siyahıda “Basta”nın da adı var. Hücum məhz həmin tapşırıqda əks olunan vaxt başladı və bunun arxasında hakimiyyətin dayandığına şübhə qalmadı”.

Bu il yanvarın 29-da, Bakı vaxtilə səhər saat 10 radələrində Meydan TV-nin “Facebook” səhifəsi hakerlərin hücumuna məruz qalaraq silinmişdi.

Mətbu orqan 12 saat sonra səhifəsinə çıxışı bərpa etsə də, hakerlər o vaxta qədər xəbər resursunun son 5 ildə dərc etdiyi bütün materialları bərpaolunmaz şəkildə silməyi bacarmişdı. Hücumu həyata keçirənlər həmçinin 100 minə yaxın abunəçinin abunəçiliyini məcburi şəkildə ləğv ediblər ki, bu da itirilmiş abunəçi bazasının 20 faizini təşkil edir.

meydan.tv