Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Mərkəzi Londonda yerləşən İslam İnsan Haqqları Komisiyyası xəbər verir ki, Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zakzaki saxlanıldığı həbsxanada zəhərlənib və səhhəti kəskin ağır vəziyyətdədir.

 

Müsəlman Birliyi Hərəkatı bu hadisəylə bağlı bəyanat verib. 

Bəyanatda deyilir:

“Şeyx İbrahim Zəkzakinin zəhərlənməsi xəbəri bizi ciddi narahat etməkdədir. Dünyanın harasında olursa olsun zülmə susmamaq, məzlumun fəryadına səs vermək, zalıma qarşı çıxmaq bizim əqidə prinsiplərimizdəndir. Hərçənd şeyx Zəkzaki sadəcə zülmə məruz qalan bir fərd deyil, öz həyat tərzi və mübarizəsi ilə milyonlarla insanın qəlbində sevgi quran, nümunəvi bir şəxsiyyətdir. Şeyx Zakzaki ona üz gətirən bəlalar qarşısında sərgilədiyi duruşu və ictimai fəaliyyəti ilə bunu sübut etmişdir. Haqq yolda apardığı mübarizədə sevimli övladları, qohumları qətlə yetirilmiş və özü də həyat yoldaşı ilə birlikdə yaralanaraq həbs edilmişdir. 
İmam Hüseyn məktəbindən dərs almış İbrahim Zakzaki bu fəlsəfəni öz yaxınlarının ruhuna da hopdura bilmiş, ailəsini bu eşqdə tərbiyə etmişdi. Təsadüfi deyil ki, belə bir ixlasın bərəkətli nəticəsi olaraq tarix üçün çox qısa sayıla biləcək zaman ərzində onun gözəl əxlaqla təbliğ etdiyi haqq əqidəsinin milyonlarla tərəfdarı meydana gəlmişdi. Əlbəttə ki, öz mənfur niyyətlərini həyata keçirmək istəyən zalım rejimlər bu cür inkişafı görüb narahat olmaya bilməzdilər. Çünki şeyx Zakzaki insanları əxlaqa, ibadətə dəvət etdikcə, pis vərdişlərdən uzaqlaşdırıb xeyirli işlər üçün cəm etdikcə, onlara Quranı Əhli-beyt işığında aydınlatdıqca, pisi yaxşıdan, haqqı nahaqdan ayıran, kimsənin haqqına girməyən, amma öz haqqını da tələb etməyi bacaran sağlam təfəkkürlü təşkilatlanmağı bacaran toplum meydana gəlməkdə idi. Şeyx Zakzaki bu işləri elə bir vəziyyətdə görüb ki, vətənində insanlar əsrlərdir davam edən müstəmləkə istismarının və onun davamı olaraq eybəcər yerli idarəçilik sisteminin güclü təsirləri altında dərin maddi və mənəvi böhrana girdab olmuşdular. Belə şəraitsizlik mühitində İbrahim Zakzaki Allahın qüdrətinə güvənərək fəaliyyət göstərmiş, bu istiqamətdə bütün çətinliklərə sinə gərmişdi. 

Şeyx İbrahim Zakzakinin həyat və faəliyyətinə, başına gələn müsibətlərə nəzər saldıqda aydın olur ki, yalnız özünü tamamilə Allaha təslim etmiş, Əhli-beyt (ə) əqidəsini dərk etmiş biri bu qədər mətanətli, dəyanətli, sabitqədəm ola və hər cür məşəqqətə sinə gərə bilər.

Şeyx İbrahim Zakzaki ətrafında cərəyan edən hadisələr İslam tarixində ən çox tanıdığımız səhabələrdən olan afrikalı Bilal Həbəşini xatırlamağımıza da səbəb olur. Necə ki, həzrəti Bilal ona edilən zülmlərlə rəğmən Rəsulallahın (s) izindən bir an belə tərəddüd etmədən sapmadı, bu gün də Nigeriyada İbrahim Zakzaki həmin əzmlə qərarlılığını davam etdirməkdədir. Ona görə də düşmən onu həbsxanada belə rahat buraxmır, xəstə və cəmiyyətdən təcrid edilmiş halında da ondan qorxur. Həmçinin hazırki Nigeriya hökumətinin və hərbi rəhbərliyinin ABŞ, B.Britaniya və İsrailin siyasi dəstəyilə, eyni zamanda Səudiyyə maliyyəsilə hakimiyyətə yiyələndiklərini və dövlət siyasətini onların konyukturasına uyğun apardıqları da sirr deyil. Bu, ölkənin şimalında vəhabi terrorçu qruplara şərait yaradan, dinc əhaliyə sırf şiə olduqlarına görə zülm edən, mədrəsələrinə hərbi artilleriya ilə hücum edib dağıdan, insanları qətlə yetirib, sağ qalanları isə öz yurd yuvalarından köçməyə məcbur edən, məhsuldar torpaqları xarici havadarlara peşkəş edən həmin irticaçı Nigeriya hakimiyyətidir. 

Amma bu yırtıcı despot rejimlərin zülmü və hiyləsi nə qədər çox olsa da şübhəsiz ki, Allahın tədbiri daha güclüdür. Və qanın qılınca qalib gəldiyi Kərbəla təfəkkürü, Aşura məntiqinin zəfəri mütləqdir.

Bir daha İbrahim Zəkzakiyə qarşı olan zülmü pislədiyimizi, onun həyat yoldaşı ilə birlikdə dərhal sərbəst buraxılması istəyimizi bəyan edir, həmçinin beyəlxalq ictimaiyyəti, insan haqqları təşkilatlarını, hüquq müdafiəçilərini sözügedən məsələdə daha həssas olmağa və diqqət artırmağa səsləyirik”.