Muqabenin varisi də vəzifədən uzaqlaşdırılır

Zimbabvenin hakim Afrika Milli İttifaqı Partiyası Prezident Robert Muqabenin həyat yoldaşı Qreys Muqabedən partiyadakı vəzifəsindən imtinasını tələb edib.

Bu barədə informasiyanı “Herald” qəzeti yayıb. Qreys Muqabeyə qarşı tələbin onun hakim partiyanın regional komitə rəhbərləri ilə görüşü zamanı səsləndirildiyi bildirilib. Komitə rəhbərləri həmçinin vəzifədən uzaqlaşdırılmış vitse-prezident Emmerson Mnanqaqvanın səlahiyyətlərinin yenidən bərpa olunmasını istəyiblər.

Qeyd edək ki, Zimbabve ordusu ölkədə hakimiyyət çevrilişi həyata keçirib. Nəticədə 37 illik lider Robert Muqabe ev dustaqlığına məhkum edilib. Onun səlahiyyətlərinin icrası faktiki olaraq Mnanqaqvaya verilib.

Qreys Muqabe indiyə qədər Robert Muqabenin varisi hesab edilirdi.