Müharibə, pasifizm və biz

Müharibə bütün cəmiyyəti “biz” kəlməsi altında birləşdirə bilən nadir hadisələrdəndir. Mövzu günahsız insanların ölümü, ərazi bütövlüyü, düşmən təhdidi olduqda müxtəlif dünyagörüşünə, ictimai statusa, siyasi əqidəyə sahib insanlar eyni mövqeni sərgiləyə bilirlər. Azərbaycan kimi müharibə şəraitində olan ölkələrdə isə bu mövzu hər zaman aktualdır.

Şübhəsiz ki, zorakılıqla müşayət olunan istənilən hadisə mahiyyətcə pisdir. Sağlam düşüncəyə sahib insan müharibə tərəfdarı ola bilməz. Dünyanın gələcəyi də məhz beynəlxalq sülhdə, bütün xalqların, millətlərin birgə yaşayışındadır. Əslində, bir-birinə düşmən olan xalqlar deyil, mövcud problemlər hökumətlər, siyasi dairələr arasındadır. Bu səbəbdən həmişə “Fars, rus, erməni – bunlar türkün düşməni” tipli şüarların əleyhinə olmuşam. Əgər düşmən varsa, bu, sadə xalq deyil, həmin xalqları idarə edən hökumətlərdir. Çünki az bir qismi istisna olmaqla, xalqlar öz hökumətlərinin təsiri altında olurlar. Müharibələr də əksər hallarda bir ovuc şәxsin mənasız maraqları ucbatından baş verir. Buna görə, insanların zaman-zaman öz hökumətlərinin yanlış siyasətlərinə etiraz olaraq, müharibə əleyhinə çıxması təbiidir. Məsələn, Vyetnamın işğalı zamanı çox sayda amerikalı bu müharibəyə etirazını bildirdi, müharibə uzandıqca isə etirazlar daha da şiddətləndi. Vətəndaş haqları fəalı Martin Lüter Kinq Nyu-Yorkda ABŞ-ın Vyetnama müdaxiləsini pisləyən məşhur çıxışını etdi, müharibədə vuruşmaqdan imtina edən boksçu Məhəmməd Əlinin çempion adı və boksçuluq lisenziyası ləğv olundu. Tolstoy isə Qafqazda Rus imperiyasına qarşı mübarizə aparan, minlərlə rus əsgərinin ölümünə səbəb olan dağlı hərəkatına heyranlıq duyurdu, hətta bu mübarizənin əsas qəhrəmanlarından olan Hacı Murad haqqında məşhur “Hacı Murad” əsərini yazmışdı.

Müharibəni rədd edən bu cür düşüncə tərzi pasifizm adlanır. Pasifistlər problemlərin yalnız dinc yolla, şiddət və zorakılıq olmadan həll edilməli olduğuna inanırlar. Realda olmasa da, Qarabağ barədə virtualda açılan müzakirələrdə pasifist yanaşmalar zaman-zaman sərgilənir. Xüsusilə, cəbhədə vəziyyət gərginləşəndə, şəhid xəbərləri yayılanda “pasifizm” sosial şəbəkələrdə ən çox işlənən kəlmələrdən birinə çevrilir. Bu müzakirələrdə adətən iki tərəf olur: Bir qrup ultrapatriotluq hissləri ilə hətta erməni uşaqları da öldürməyə çağırış edir, digər qrup isə ifrat pasifizmləri ilə vətənini qoruyan əsgərlərin ölümünü belə, mənasızlaşdırmaqdan çəkinmir. Bəli, müharibələr mənasız ola bilər; pasifizm yox, müharibə qorxaqların ideyasıdır. Amma bu gerçəklik belə, öz torpağını, xalqını qoruyan əsgərin mübarizəsinə kölgə sala bilməz. Bir şәxs isti çaydan içə-içə, rahat divanda əyləşib işğalçıya qarşı döyüşən əsgərə “boşuna öldü” deyә bilәr, amma onun bu sözləri demәyә mənəvi haqqı çatırmı? – məsələ budur. Ən azından, hər şəhid xəbəri hansısa siyasi gücün öz marağı naminə işlətdiyi “vətən” sözünə yeni məna qatır, onu dərinləşdirir, nəhayət müqəddəs bildiyini qorumaq uğrunda olduğu üçün yeni baxış bucağı yaradır. Tək bununla da kifayətlənmir, hamını bu bucağdan baxmağa vadar edir.

Tolstoy “patriotluq fırıldaqçıların son sığınacağıdır” deyirdi. Bəli, insanların vәtәnpәrvәrlik hissindən siyasətçilər məharətlə istifadə edir, ən böyük cinayətlər dövlət marağı adı altında törədilir. Hitler məhz dövlət maraqları ilə əsaslandıraraq, alman xalqını yəhudilərin məhv edilməsinin labüdlüyü kimi absurd bir ideyaya inandıra bilmişdi. Bu cür yanaşma təbii ki, qəbuledilməzdir. İşğala məruz qalmış dövlətin öz ərazi bütövlüyünü qoruması isə tamam ayrı vəziyyətdir. Tolstoyun, Kinqin, Məhəmməd Əlinin pasifist mövqelәri öz dövlətlərinin qatı millitarizminә etiraz idi. ABŞ Vyetnamı, Çar Rusiyası isə Qafqazı işğal etmişdi. İndiki halda isə Azərbaycanın heç bir işğalçılıq aktından söhbət gedə bilməz, bu müharibədə biz haqsızlığa məruz qalan tərəfik. Silahı yerə qoymalı, iddialarından əl çəkməli olan tərəf də Ermənistandır. Bu kontekstdə Ermənistanla Azərbaycanı eyniləşdirmək ən böyük ədalətsizlik olardı. Ədaləti isə heç bir halda qurban vermək olmaz, hətta sülh naminә belə.