“Müharibə heç kimin marağında deyil”

Üzeyir Cəfərov: “Minsk qrupunun həmsədrləri bölgəyə turist səfərləri həyata keçirirlər”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza bildirib ki, hərbi əməliyyatlar Azərbaycan və Ermənistanın marağında deyil: “Təmas xəttində ağır texnikanın olması aprel döyüşləri kimi ciddi toqquşmalara gətirə bilər. Lakin nəticədə bu vəziyyət müharibəyə kimi gedib çıxmadı. Çünki müharibə heç kimin marağında deyil”.

Sabiq həmsədr bildirib ki, 10 ildir münaqişənin həlli ilə bağlı çərçivə sazişi mövcuddur: “Bu, Madrid prinsipləridir və o prinsipləri axıra kimi aparmaq lazımdır. Lakin ABŞ və Rusiya prezidentlərinin şəxsi töhfəsi olmadan bu, mümkün deyil”.

M. Brayza deyib ki, münaqişənin yeganə həlli vasitəçilik və liderlik yolu ilə mümkündür. Bunu da Rusiya və ya ABŞ üzərinə götürə bilər: “İnanmıram ki, Tramp bunun öhdəsindən gəlsin. Buna çoxlu vaxt tələb olunacaq, ABŞ-ın siyasi rəhbərliyində isə bu işi görəcək siyasətçilər yoxdur”.

Hərbi ekspert Üzeyir Cəfərov Azadlıq.info-ya açıqlama verərərək ATƏT-n Minsk qrupunun həmsədrinin dediklərini qeyri-səmimi hesab edir. O, Brayzanın səfir olarkən dedikləriylə hazırkı fikirlərinin bir-birinə zidd olduğunu söyləyir:

“Metyu Brayza ATƏT-in Minsk qrupunda həmsədr kimi danışıqlarda özü də iştirak edib. Lakin hansısa müsbət nəticəyə nail olmayıb. Ümümiyyətlə, həmsədrlər robot kimi danışırlar. Onların vəzifədə olanda dedikləriylə sonrakı fikirləri üst-üstə düşmür. Brayza deyir ki, Qarabağ problemini ABŞ-da çözən bir siyasətçi yoxdur. Nəticədə Ermənistan mənfurcasına özbaşınalığını davam etdirir. Biz növbəti dəfə şəhid verdik. Minsk qrupundan buna reaksiya verilmədi. Amma Ermənistanda bir əsgərin barmağı qanayanda aləmə car çəkirlər. ATƏT-n Minsk qrupunun həmsədrləri münaqişənin həlli yolunda ciddi addımlar atmaq əvəzinə, bölgəyə turist səfərləri həyata keçirirlər. Hesab edirəm ki, Brayza indiyədək baş verənlərə görə Azərbaycan xalqından üzr istəməlidir. O öz biznesini davam etdirən bir adamdır və dedikləri qeyri-səmimidir. Brayzanın açıqlamasının praktiki və nəzəri əhəmiyyəti yoxdur. Qarabağ münaqişəsinin həll edilməsinin yeganə vasitəsi Azərbaycan silahlı qüvvələridir”.