Mühacir jurnalist "yoxa çıxıb"

Gürcüstanın paytxatı Tbilisi şəhərində yaşayan jurnalist Əfqan Muxtarlı "yoxa çıxıb"

Bu barədə "facebook" sosial şəbəkəsində hüquq müdafiəçisi Oktay Gülalıyev məlumat paylaşıb:

"O, bir neçə gün öncə həbs olunmuş Gözəl Bayramlı ilə bağlı keçirilən toplantıya skaypla qatılarkən bildirmişdi ki, o və digər mühacir Daşqın Ağalarlı izlənir. Əfqan bəy onları Azərbaycan hökümətinin Gürcüstandakı emisarları tərəfindən izləndiyini bildirdi. Hazırda Əfqan bəyin axtarışları davam edir və bu barədə polisə də müraciət olunub".

Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva Meydan TV-ə deyib ki, artıq Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı polis orqanlarına müraciət olunub. 

Əfqan Muxtarlı Azərbaycan hakimiyyətini tənqid edən fikirləri ilə tanınır. Bir müddət öncə "haqqın.az" saytı Gürcüstanda yaşayan fəal azərbaycanlılarla bağlı məqalə yazmışdı. Həmin məqalədə adı çəkilən şəxslərin Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi vurğulanırdı. Adı hallandırılan şəxslərdən biri də Əfqan Muxtarlı idi. 

Bundan əvvəl məqalədə adı keçən daha iki nəfər - professor Fərman Ceyranlı və AXCP sədrinin müavini Gözəl Bayramlı həbs olunublar.

Artıq Gürcüstanda fəaliyyət göstərən İnsan Haqları Evinə Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı məlumat verilib. Gün ərzində məsələ ilə bağlı mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Rakurs.tv