Müflis olmuş “DəmirBank”la bağlı daha bir müraciət

Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib.

Bu barədə qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, eyni qərarla ləğv prosesində olan “DəmirBank” ASC-yə  Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.

Bununla əlaqədar olaraq, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “DəmirBank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “DəmirBank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesablar, nağd qaydada isə ləğv prosesində olan “DəmirBank” ASC-nin baş ofisi və filial şəbəkəsi və “DəmirPay” ödəniş terminalları vasitəsilə edə bilərlər.