Müdir namaz qılmayan azərbaycanlıları işdən çıxarır

Təbrizdə yapışqan istehsal edən “Hel” zavodunun müdiri namaz qılmayan işçiləri cərimə və işdən çıxarmaqla təhdid edib.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Təbriz Şəhər İcra Hakimiyyəti başçısı Rəhim Şöhrətifər zavodun müdiriyyətini işçiləri namaz qılmağa məcbur etmək yerinə, onları bu işə təşviq etməyə çağırıb.

“Hel” zavodunun müdiri 300 nəfərdən çox insanı işlə təmin edib, zavodun fəal sistemi var və işləri sürətlə irəli gedir. Zavodun müdiriyyəti ilə əlaqə saxladım və ona müəyyən məsələləri xatırlatdım. Dedim ki, biz islam qayda-qanunlarından kənara çıxa bilmərik. O isə qeyd etdi ki, onun pis niyyəti olmayıb, lakin yenə də gedişatda dəyişiklik və düzəliş ediləcək. Mən zavoda baş çəkdiyim zaman orada namazla bağlı hər hansı banner görmədim”, - deyə Rəhim Şöhrətifər açıqlama verib.

Qeyd edək ki, zavodun sahibinə yaxın olan bəzi şəxslər müdirin ümumiyyətlə dinə etiqadı olmadığını və əxlaqsız əməllərini təhlükəsizlik qüvvələrindən gizlətmək məqsədi ilə özünü belə göstərdiyini, əsas məqsədinin ictimaiyyətin fikirini başqa istiqamətə yönəltmək olduğunu bildiriblər.