Mübariz Qurbanlı məscid məsələsindən danışdı: "Bu çox müdrik qərardır"

'Bəzi qüvvələr məsələni başqa məcraya yönəltmək istəyirlər''

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Hacı Cavad məscidinin köçürülməsi ilə bağlı məsələyə münasibət bildirib. M. Qurbanlı APA-ya açıqlamasında bildirib ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində, Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşən Hacı Cavad məscidinin sadəcə olaraq, yeri dəyişdirilir. O deyib ki, Hacı Cavad məscidi hazırda yeni ünvanda – Abbas Mirzə Şərifzadə 1 ünvanında yenidən tikilir:

“Yaxın vaxtlarda həmin məscid mömin insanların istifadəsinə veriləcək. Məscidin yeni ünvana köçürülməsi ilə əlaqədar Dini Komitə, Qafqaz Müsəlmanları İdarəsi, digər müvafiq qurumlar məsciddə ibadət edən mömin insanlarla görüş keçiriblər, geniş söhbətlər aparılıb, izahat verilib və bundan sonra ümumi razılıqla məscidin yeni ünvana köçürülməsi işlərinə başlanıb. Baş nazirin müavini Yaqub Eyyubovla birgə yeni ünvanda əhali ilə bir də görüş keçirilib, layihə təqdim olunub və hazırda da tikinti gedir. Heç bir problem, narazılıq yoxdur. Sadəcə, bəzi qüvvələr var ki, məsələni başqa məcraya yönəltmək istəyirlər. Bu cür qaragüruha demək istəyirik ki, dinimiz cənab prezident İlham Əliyevin himayəsi altında qorunur''.

Komitə sədri deyib ki,bu gün Azərbaycanda 2246 məscid var. Hacı Cavad məscidinin yeni ünvanda tikilməsi də məhz cənab prezidentin himayəsi və göstərişi ilə davam etdirilir: 

"Ona görə də bu mövzu altında kimlərsə hay-küy qaldırırlarsa, dinimizə deyil, başqa məqsədlərə xidmət edirlər. İnanmıram ki, cəmiyyət bu cür adamlara normal münasibət bəsləsin”.

Hacı Cavad dini icmasının sədri Kənan Əzizov bildirib ki, Abdulla Şaiq küçəsində yerləşən Hacı Cavad məscidi köhnə tikili olub. 1907-ci ildə tikilən bina əvvəllər mənzil olsa da, sonradan ibadət üçün məscidə uyğunlaşdırılıb. Lakin burada məscid üçün lazımi şərait yox idi. 

Onun sözlərinə görə, paytaxtın baş planına uyğun olaraq yeni yol-nəqliyyat infrastrukturunun yaradılması məqsədilə məscid köçürmə ərazisinə düşüb, habelə Fövqəladə Hallar Nazirliyi tərəfindən məscidə baxış keçirilib, binanın istismar üçün yararsız olduğu müəyyən edilib.

K. Əzizov qeyd edib ki, Hacı Cavad məscidinin inşa olunacağı yeni ərazinin sahəsi 14 sotdur:

“Biz artıq ərazi ilə tanış olmuşuq. Yeni tikilən məscid köhnə məsciddən fərqli olaraq, daha geniş və daha gözəl olacaq. Azərbaycan prezidenti cənab İlham Əliyev sağ olsun ki, məscid köçürmə ərazisinə düşdükdən sonra göstəriş verdi, xüsusi komissiya yaradıldı və yeni ünvanda məscidin inşası üçün tapşırıq verildi. Bu, çox humanist, çox müdrik qərardır. Buna görə cənab prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Mütəmadi olaraq Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə birgə məscidin inşa olunduğu əraziyə baş çəkirik. İnşaat işləri öz qaydasında gedir.

Bu il aprelin 12-si Bakının Yasamal rayonu ərazisindəki Hacı Cavad məscidini sökmək istəmişdilər.

Lakin məscidin önünə toplaşan sakinlər buna etiraz etmişdi.

Ölkə başçısı İlham Əliyev aprelin 13-də məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdi. Sonradan icma rəhbərliyi ilə Komitə arasında razılıq əldə edildiyi bildirilirdi. Həmin razılığa görə, bu məscid sökülməli, Yasamal rayonu ərazisində yeni məscid tikilməli idi.