Mübariz Mənsimovu məhv etməyə çalışırlar... - PA-nın keçmiş əməkdaşı

Mübariz Mənsimovu məhv etməyə çalışırlar... - PA-nın keçmiş əməkdaşı

"Mübariz Mənsimovu şəxsən tanımıram, yollarımız heç vaxt kəsişməyib. Hesab edirəm ki, emosional adamdır".
 
Rakurs.tv xəbər verir ki, bu fikirləri Prezident Aparatının keçmiş əməkdaşı Bəhruz Həsənli "Facebook" hesabında paylaşıb. O bildirib ki, heç kim Mübariz Mənsimovun xeyriyyəçiliyi və vətənpərvərliyini inkar edə bilməz:
 
"Mübariz Mənsimovu şəxsən tanımıram, yollarımız heç vaxt kəsişməyib. Hesab edirəm ki, emosional adamdır. Bu, sosial mediada yazdığı status və şərhlərdən aydın hiss edilirdi. Amma heç kim onun xeyriyyəçilyini və vətənpərvərliyini inkar edə bilməz. Onun həbs olunması olduqca kədərli və düşündürücü hadisədir. 2009-cu ildə Türkiyə-Ermənistan sərhədlərinin açıla biləcəyi, "sülh protokolları" kimi məsələlər müzakirə edilərkən Mənsimov Ermənistanla sərhəd açılarsa, biznesini Türkiyədən daşıyacağını açıqlamışdı. Sonradan köməkçiləri olduqca sərt olan bu açıqlamanı nisbətən yumşaltdılar... O zamanlar Türkiyədə yaşayırdım və bu jestin nə demək olduğunu yaxşı bilirəm. Adam nəinki liberal çevrələrin rəğbətini qazanmaq üçün işğalçı ölkənin lehinə humanist addım atmağa cəhd edirdi, əksinə hətta sərhədlərin açılmaması üçün qazandığı hər şeyi təhlükəyə atırdı. Bu kimi nümunələrin sayını artıra bilərik".
B.Həsənli Mübariz Mənsimovu gözdən salmağa çalışanların Azərbaycan dövlətinə zərər verdiklərini qeyd edib:
 
 
"Əlbəttə, bütün bunlar Mənsimova toxunulmazlıq statusu vermir. Əgər günahı varsa, araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Amma itirən yenə də bizik. Görəsən, Mübariz Mənsimovu məhv etməyə, gözdən salmağa çalışanlar özlərinin cılız ambisiyalarına görə Azərbaycan dövlətinə, dövlətçilik şüuruna, diaspor fəaliyyətinə necə zərər verdiklərinin fərqindədirlərmi? FETO ittihamına gəldikdə isə, heç kim zəmanət verə bilməz ki, M.Mənsimovun bu ittihamla həbs edilməsi qisas məqsədilə həyata keçirilən "tərs alqı" əməliyyatı deyil".
 
Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bu gün səhər saatlarında Türkiyədə saxlanılıb.

Facebook