MTN polkovniki mühüm materialları niyə gizlətdiklərindən danışdı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vidadi Əzizin vəsatəti əsasında əlavə şahid qismində MTN-in Daxili Təhqiqat İdarəsinin rəisi olmuş polkovnik Söhrab Əliyev ifadə verib. Vidadi Əzizov ötən məhkəmə iclasında ifadəsində bildirib ki, pulunun götürülməsində MTN polkovniki Aydın Manafov iştirak edib, onun pulunu qaytaracaqlarına söz veriblər. Onun sözlərinə görə, Mirəziz Əsgərovun bu hadisələrdən xəbəri olmayıb. Məhkəmədəki ifadələrdən də məlum olur ki, Vidadi Əzizov həbs olunandan sonra MTN-ə gətirilib və sellofan torbada olan pulu Aydın Manafovun otağına qoyulub.

Əlavə şahid qismində dindirilən polkovnik Söhrab Əliyevdən bu məsələ ilə bağlı mühüm materialları Baş Prokurorluğa göndərməməsinin səbəbi soruşulub. Söhrab Əliyev onda belə materialın olmasını xatırlamadığını deyib. Proses iyulun 21-ə davam edəcək.

Qeyd edək, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alınıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb. Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb edib, amma son nəticədə 40 min manat alıb.