Mərhum jurnalist Elmar Hüseynov ad günündə məzarı başında anıldı - Fotolar

İyulun 17-də demokratik ictimaiyyətin nümayəndələri "Monitor" jurnalının redaktoru Elmar Hüseynovun ad günündə məzarını ziyarət ediblər. Yaşasaydı mərhum jurnalistin 51 yaşı olacaqdı. Anımda ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər. Jurnalistin məzarı önündə çıxış edənlər indiyədək qətlin üstünün açılmamasından hiddətləndiklərini bildiriblər.
Qeyd edək ki, Elmar Hüseynov 2005-ci il, 2 mart tarixində işdən evə qayıdarkən naməlum şəxslər tərəfindən güllələnib. Cinayətkar ona 7 güllə vurub. Bir müddət sonra qətlin əslən azərbaycanlı olan Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov tərəfindən törədildiyi bildirilib. Daha sonra qanqster qrupunun rəhbəri, Azərbaycan DİN cinayət axtarışı üzrə polkovnik Hacı Məmmədov qətlin təşkili barədə bəyanatla çıxış edib. Lakin bu bəyanat araşdırılmayıb.