"Mövsüm Səmədovun həyatına real təhlükə yaranıb"

Azərbaycan İslam Partiyası Ombudsman Aparatı, Beynəlxalq Qızıl Xaç Komitəsi, beynəlxalq təşkilatlar, ölkədəki səfirliklər və beynəlxalq hüquq müdafiəçilərinə müraciət ünvanlayıb.

Müraciətdə partiyanın hazırda həbsdə olan lideri Mövsüm Səmədovun vəziyyəti ilə bağlı narahatlıqlar ifadə olunub:

"Məlum olduğu kimi, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. Saxta ittihamlarla həbs olunmasına baxmayaraq 2011-ci ilin yanvar ayından məhbus həyatı yaşayır. M.Səmədov İnsan haqlarının müdafiəsinə dair  bir sıra beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi qəbul edilsə də ona qarşı qərəzli münasibət həbsxana şəraitində bu gün də davam etdirilir. Hüquqlarını müdafiə etdiyimiz Mövsüm Səmədovun həyatına artıq real təhlükə yaranmışdır. O, cəza çəkdiyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində narahat günlərini yaşayır. 22 may 2017-ci il tarixində M.Səmədov vəkili Yalçın İmanova bildirmişdir ki, müəssisənin rəhbərliyi onun Qobustandakı qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsindən ötrü məhkəməyə müraciət etmişdir. Bunun səbəbini isə hazırda cəza çəkdiyi həbsxanada onun həyatına təhlükə yaranması ilə əlaqələndirmişdir".      

Partiya rəhbərliyi hesab edir ki, Mövsüm Səmədovun Qobustan həbsxanasına köçürülməsi qərəzli xarakter daşıyır:

"Hesab edirik ki, M.Səmədovun təhlükəsizliyinin təmin edilməsinin onun Qobustan qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə heç bir əlaqəsi yoxdur. Çünki M.Səmədovun bundan öncə də cəza çəkdiyi həbsxananın dəyişdirilməsi sırf qərəz xarakteri daşımışdır. İkincisi də, təhlükənin olduğunun dilə gətirilməsi o deməkdir ki, baş verə biləcək xoşagəlməz hadisəyə görə müəssisə rəhbərliyi məsuliyyətdən yan keçmək niyyəti güdür. Əslində məhbusa qarşı baş verə biləcək təhlükə müəssisə əməliyyatçıları tərəfindən müşahidə edilmirsə buna qarşı preventiv tədbir həyata keçirilməlidir, nəinki məhbusun vəziyyətini daha da gərginləşdirmək və onu qapalı tipli həbsxanaya köçürmək. Düşünürük ki, bu addım tam qərəzli xarakter daşıyır. Halbuki M. Səmədovun fiziki sağlamlığı qapalı tipli müəssisədə daha çox zərər çəkə bilər. O, hərəkətsiz qalacağı təqdirdə ayaqlarında varikoz damar genişlənməsi daha da şiddətlənəcəkdir". 

Məktubun sonunda partiya konkret tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb:

"Mövsüm Səmədovun taleyi ilə bağlı problem ailəsini, rəhbəri olduğu siyasi qurumun mənsublarını və bütün üzvlərini, M. Səmədovu tanıyan geniş ictimaiyyəti ciddi narahat etməyə bilməz. Hesab edirik ki, bu amil yaşadığımız azad ictimai həyat şəraitində olduğu kimi, qapalı şəraitlərdə, xüsusən cəzaçəkmə müəssisələrində də diqqət mərkəzində olmalıdır.  

İnanırıq ki, bundan istifadə edərək konkret tədbirlər həyata keçirəcək, hüquqi və mənəvi aspektdə preventiv addımlar atacaqsınız və bütün bu narahatçılıqları aradan qaldırmağa kömək edəcəksiniz."