"Mövsüm Səmədov məhkəmədə iştirakını əsaslandırmayıb"

Rakurs.tv-nin verdiyi xəbərə görə, dekabrın 6 -da Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun barəsində onun 3 il müddətinə qapalı tipli həbsxana rejiminə keçirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2017 -ci il tarixli qərarından verilən kassasiya şikayətinə əsasən məhkəmə prosesi keçirilib. Prosesdə M.Səmədovun vəkili Cavad Cavadov, dövlət ittihamçısı İlkin Yusifov, media və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Səmədovun özü prosesdə iştirak etməyib. Vəkil C. Cavadov vəsatətlə çıxış edərək Mövsüm Səmədovun məhkəmədə iştirakının təmin olunmasını xahiş edib.Yerində edilən qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətin təmin olunmadığını bildirərək, bunu onunla əsaslandırıb ki, Səmədov məhkəmədə özünün iştirakını faktiki olaraq əsaslandırmayıb və onun hüquqlarını müdafiə edən vəkili dinləmədə iştirak edir.
Daha sonra məhkəmə çıxışlarla davam edib. Vəkil Cavad Cavadov çıxışında Səmədovun işində ədalətli məhkəmə araşdırılması hüququnun pozulduğunu deyərək işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə göndərilməsini istəyib.
Dövlət ittihamçısı İ. Yusifov M.Səmədova həbs müddəti ərzində 28 dəfə, son müddətdə isə 9 dəfə tənbeh verildiyini məhkəməyə bildirib və kassasiya şikayətinin əsassız olduğunu məhkəməyə deyib.
Qısa sürən müşavirədən sonra hakim Ə.Seyfəliyev kassasiya şikayətinin təmin edilmədiyini elan edib.
Qeyd edək ki, Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə hakimiyyətin siyasətini sərt tənqid edib. Bu hadisədən 5 gün sonra, 7 yanvar 2011-ci ildə saxlanılaraq, polisə tabesizlik maddəsi ilə 13 sutka inzibati həbsə məhkum olunub. 13 sutkalıq həbs cəzası bitəndən sonra ona qarşı qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla cinayət işi açılıb. 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb. AİP M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirib.
2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustan Qapalı Rejimli həbsxanasına köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Mövsüm Səmədova bir neçə dəfə "kars" cəzası veriləndən sonra həbsxana rəisi Rauf Məmmədov onun Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı təqdimat verib.