“Mənim ölkədən getmək kimi bir niyyətim, eləcə də istintaqdan gizlənmək, kiməsə təsir etmək kimi bir niyyətim olmayıb” - Video

Avqustun 31-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması ilə bağlı verilmiş apellyasiya şikayəti təmin edilməyib. Məhkəmə prosesi qapalı keçirilib.

Jurnalistin vəkili Zibeydə Zəkəriyyəyeva mediaya açıqlamasında müdafiə tərəfi olaraq dəfələrlə müraciət etmələrinə baxmayaraq Əfqan Muxtarlının nə keyfiyyətli müalicə ala bildiyini, nə də həkimlə təmin edildiyini qeyd edib. Vəkil çıxışında jurnalistin barəsində bəraət qərarının verilməsi və ona qarşı qanunsuz hərəkətlərə yol verən şəxslər barəsində məsuliyyət tədbirləri görülməsini məhkəmədən xahiş edib. Əfqan Muxtarlının özü də məhkəmə prosesində iştirak edib. Jurnalist çıxışında bildirib ki, səhhətində yaranmış ciddi problemlərə görə ev dustaqlığına buraxılması çox önəmlidir: “Mənim ölkədən getmək kimi bir niyyətim, eləcə də istintaqdan gizlənmək, kiməsə təsir etmək kimi bir niyyətim olmayıb”.

Qeyd edək ki, baş prokurorluğun yaydığı məlumatda Əfqan Muxtarlının mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb. Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) imaddələri ilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsində eƏfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.