"Mən Tale Bağırzadəyə təşəkkür borcluyam"

Mən dəyərli alimimiz Tale Bağırzadəyə təşəkkür borcluyam. Hesab edirəm ki, mənim kimi çoxsaylı vətəndaşlarımızın da ona təşəkkür borcu var. Niyəmi? İzah edim.

1. Tale Bağırzadə cəmiyyətdəki "qorxu" sindromunu qırdı. Əgər doğrusansa, haqsansa, heç nədən qorxmağa dəyməz, əksinə, qorxunun üzərinə getmək, mübarizəyə davam etmək lazımdır - o, bu prinsiplə yaşayan insandır. Haqq yolu çətinliklərlə dolu olsa da, şərəfli və izzətlidir. Haqq sahibi özü bu yolun yolçusunu qoruyacaq. Necə ki, onu qorudu.

2. Tale Bağırzadə “yaşamaq”la “var olmaq"ın fərqini göstərdi. Sübut etdi ki, kölə kimi boyunduruq altında ömür sürmək, "yaşamaq" sayıla bilməz, "yaşamaq" həqiqət və doğruluq ardınca getməkdir. O, bütün baş verənlərə rəğmən öz mübarizəsindən geri çəkilməməsi ilə əslində cəmiyyətə mesaj ötürdü: Yaşamaq yalvarmağa layiq bir şey deyil.  

3. Tale Bağırzadə həbsxananın məğlubiyyət olmadığını sübut etdi. Həbsxana çoxlarının qorxduğu yerdir. Amma əslində belə deyil. Dahilərin çoxu həbsxana həyatı yaşayıblar. Nəsrəddin Tusi, Dostoyevski kimi alimlər belə, zindan yolu keçiblər. Həbsxana insan həyatına rəng qatır, xarakterini möhkəmləndirir. Ədalət uğrunda mübarizə aparan insanların həbsxanadan qorxmaması cəmiyyətə müsbət mesaj verir.

4. Tale Bağırzadə tam məqsədli insandır. İnsanlar həyatda məqsədlərinə görə, 3 kateqoriyaya bolünür: Tam məqsədli, natamam məqsədli və məqsədsiz insanlar. İnsanların çoxu bu dünyada məqsədsiz yaşayır. Müəyyən qrup insan həyatda nə istədiyini bilir, lakin onların da istəyi ali deyil, belələri natamam məqsədli insanlardır. Çox az insan isə tam məqsədli sayıla bilər. Bunlar dahilərdir. Onlar özlərini yox, xalqı, insanlığı düşünürlər, tarixə yön verirlər. Tale Bağırzadə də bizim müasir nümunələrimizdəndir. O, tarixdə qalacaq, ən azı Azərbaycan tarixində, Babək, Şah İsmayıl Xətai, M. Ə. Rəsulzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, İmadəddin Nəsimi və digərləri kimi.

5. Tale Bağırzadə özü üçün yox, xalq üçün, mənəvi dəyərlər üçün yaşayır. O, evlidir, 3 azyaşlı övlad sahibidir. Amma ailəsindən, sevdiklərindən ayrı qalmağa, həbsxana həyatına razı oldu. Bütün bunları xalqına, dəyərlərinə görə etdi. Artıq üçüncü həbsini yaşaması sübut edir ki, o, bu seçimi şüurlu şəkildə edib. Əks halda, ilk həbsindən sonra mübarizəsini dayandırar, ən azından başqa yol seçərdi. 

6. Tale Bağırzadə cəmiyyətə çətinlik içində nikbin və inamlı olmağı öyrətdi. Bu dünyada sevinc və kədər qardaşdır. Həmçinin əziyyət və rahatlıq da qardaşdır. Yəni, nisbi dünyada yaşayırıq. Məharət odur ki, çətinlik və sıxıntı halında səbrli olasan, inamını qoruyasan, sınmayasan və özünü çayın axarına buraxmayasan. İnsanların çoxu belə ola bilmir. Tale Bağırzadə isə hətta ən çətin anlarında, ölümlə üz-üzə olanda belə, məyusluğa qapılmayıb. Məhz onun bu müsbət aurası cəmiyyətdə, xüsusən gənclərdə yüksək əhval-ruhiyyə yaradır.

8. Tale Bağırzadə bir din xadiminin cəmiyyətdə baş verən proseslər müqabilində sәrgilәmәli olduğu mövqeni göstərdi. Tarix boyu insanların çoxu İslam dininin həqiqi mahiyyətini anlaya bilməyib. Hazırda da belədir. Xüsusən, İslam dininin ictimai-siyasi tәrәflәri bilərəkdən təhrif olunur. İslamın sadəcə fərdi ibadətlərdən ibarət, Allahla insan arasındakı rabitəni tənzimləyən bir din olduğu təbliğ edilir. Həqiqətdə isə belə deyil. Bu barədə Qurani-Kərimdə və hədislərdə kifayət qədər danışılır. Dini mətnlərdə qeyd olunur ki, müsəlman özü üçün yox, toplum üçün yaşamalı, yaşadığı mühitdə insanları yaxşı işlərə dəvət etməli, pis işlərdən çəkindirməlidir. Hazırda Azərbaycanda bir qrup din xadimi ölkədə baş verən haqsızlıqlara reaksiya verməməklə İslamı təhrif edir. Əlbəttə, onlar öz vəzifələrini yerinə yetirmədikləri üçün Allah qarşısında məsuliyyət daşıyırlar. Tale Bağırzadə isə öz mübarizəsi ilə İslamın həqiqi mahiyyətini insanlara çatdırdı.

9. Tale Bağırzadə bizlərə mənəvi dəyərləri müdafiə etməyin vacibliyini öyrətdi. İnsanlar çox zaman əllərindəki nemətlərin qədrini itirdikdən sonra anlayırlar. Bu, insanın unutqanlığından qaynaqlanır. Azərbaycan xalqı müsəlman kimliyinin daşıyıcısı olaraq böyük mənəvi dəyələrə sahibdir. Əlbəttə ki, bu mənəvi dəyərlər alimlərin, ustadların, müəllimlərin, ağsaqqalların, şəhidlərin və haqq fədailərinin sayəsində aradan getməmişdir. Öz milli-islami kimliyimizə sahib çıxmasaq, bu dəyərlər tarixә çevriləcək. Bu baxımdan Tale Bağırzadə hicabın, məscidlərin, azanın və digər dəyərlərin müdafiəsinə qalxmaqla nümunə oldu.

10. Tale Bağırzadə İmam Hüseyn (ə) Aşurasının həqiqətini insanlara çatdırdı. 682-ci ildə baş vermiş Kərbəla döyüşü haqla batilin mübarizəsi kimi yaddaşlarda qalıb. Buna görə də, hər il "Aşura" günü qeyd olunur. Bu günün qeyd olunmasından məqsəd dövrün yezidlərini tanımaq və haqqı müdafiə etməkdir. Bu böyük ideologiyanın daşıyıcısı olan Tale Bağırzadə həqiqi İmam Hüseyn (ə) ardıcılı olduğunu sübut etdi. Hər gün Aşura, hər yer Kərbəla şüarını canlandıraraq, cəmiyyətə çatdırdı.

Vüsal Nadiroğlu
Müsəlman Birliyi Hərəkatının idarə Heyətinin üzvü