"Mən heç bilmirəm məni bura niyə gətiriblər" - Nardaran işi 3

"Mən heç nə bilmirəm, bura bilmirəm məni niyə gətiriblər"

Bu sözləri iyunun 3-də "Nardaran işi-3" üzrə keçirilən məhkəmə prosesində şahid Zamin Vəliyev deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra saxlanılan ilahiyyatçı Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam edib. 

Rakurs TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesin әvvәlindә tәqsirlәndirilәn Z.Mikayılzadә danışıb:

"20 aydır bizi bura robot kimi aparıb gətirirlər. Heç bir sübut tapa bilmirlər. Başa düşə bilmirəm, bu, nə deməkdir? Bizi düşmən kimi görürlərsə, desinlər ki, siz bizim düşmənimizsiz, biz də düşmən kimi davranaq. Biz dövlətə heç vaxt düşmən kimi baxmamışıq. Əgər düşmənçilik etsəydik, bizim o qüdrətimiz var ki, hamını qaldıraq. Amma biz bunu etməmişik. Biz 1400 ildir Yezidlə düşmənçilik edənlərik! İmam Huseynin davamçılarıyıq! Telefonla qızımla danışıram, deyir ata, nə vaxt gələcəksən? Mən ona nə deyim? Təkcə mən yox, burada oturanların hamısı"

Daha sonra şahid qismində Zamin Mәlikov ifadə verib. O, Lənkəran şəhərində yaşadığını, fəhlə işlədiyini bildirib. Proses zamanı aydın olub ki, şahidin məhkəməyə niyə çağırılması ilə bağlı məlumatı yoxdur. Hakim ondan təqsirləndirlənləri tanıyıb-tanımadığını soruşub. 

"Heç nə bilmirəm, məni yolda tutub, maşına mindirib bura gətiriblər. Bura niyə gətirildiyimi bilmirəm", - Zamin Vəliyev belə deyib.

Daha sonra Azad Xəbər saytının keçmiş işçisi Samir Mirzəyev ifadə verib. Hakim ondan təqsirləndirilənlərdən kimləri tanıdığını soruşub. S.Mirzəyev ilahiyyatçı Zülfüqar Mikayılzadə və Elman Ağayevin adını çəkib. Şahid bildirib ki, o, Azad Xəbər saytında işləyib və bu müddət ərzində Z.Mikayılzadə saytın ofisinə gələrək bir neçə dəfə digər ilahiyyatçılarla görüşüb. Hakim S.Mirzəyevdən təqsirləndirilənlərin konstitusion quruluşu dəyişməyə yönəlik hər hansı çağırış edib-etmədiklərini soruşub. Şahid belə bir çağırış eşitmədiyini bildirib. Z. Mikayılzadə ona müraciət edib:

"Mən Müsəlman Birliyi Hərəkatının üzvüyəmmi?"

S.Mirzəzadə: "Mən bildiyim qədər yox"

Prosesin sonunda Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ifadə verib. O, Tale Bağırzadəni və digərlərini tanıdığını, onların ləyaqətli şəxslər olduğunu deyib. Onun sözlərinə görə, istintaqa ifadə verərkən, eynəyi olmayıb, buna görə də, öz yazdıqlarını oxuya bilməyib. Lakin istintaqda ona yalnız  verdiyi ifadənin qeyd ediliyini deyiblər:

“Məni “Bandotdel”ə çağırdılar. Müsəlman Birliyi Hərəkatı ilə bağlı suallar verdilər. Onlara dedim ki, kənddə keçirdikləri əməliyyat qanunsuzdur. Bizim kənddən 26 nəfəri tutublar. Deyiləsi sözüm yoxdur" 

Natiq Kərimov "Nardaran işi" üzrə saxlanılanların günahsız olduğunu deyib.

Növbəti proses iyunun 7-ə təyin olunub.