Misir universitetində Azərbaycan dili tədris edilir

Misirin əl-Əzhər Universitetində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, universitetin Humanitar fənnlər fakültəsinin “Turk dili” bölməsində Azərbaycan dilini tələbələrə Birliyin üzvü İnarə Osmanova tədris edir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti, eləcə də Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir.

Universitetin 2-ci və 3-cü kurslarında tədris edilən Azərbaycan dili dərslərində 100 nəfərdən çox tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirova müraciət ediblər. S. Nəsirov bu müraciət əsasında tələbələr üçün yaxın vaxtlarda Qahirədəki diaspor mərkəzində Azərbaycan dili kurslarının təşkil olunacağını qeyd edib.

S.Nəsirov fakültənin kitabxanasına Azərbaycan dilinə, mədəniyyətinə, tarixinə dair kitablar, həmçinin, Ermənistanın təcavüzünü, 20 yanvar faciəsini, Xocalı soyqırımı əks etdirən jurnallar hədiyyə edib.

975–ci ildə təsis olunmuş əl-Əzhrər Universiteti dünyanın ən qədim və ən böyük universitetlərindən biridir. Hazırda universitetdə dünyanın 115 ölkəsindən 500 mindən çox tələbə təhsil alır.

Qeyd edək ki, “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə və Ayn Şəms universitetlərindən sonra əl-Əzhər Universitetində də Azərbaycan dilinin tədrisinə başlayıb. "Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi bu sahədə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi ilə birgə fəaliyyət göstərir.