Mirşahinin açdığı yeni telekanal Əliyevlər ailəsinindi?

Mirşahin Ağayevin “Real” adlı yeni televiziya kanalı açması xəbəri aylardır var. Amma söhbət internet televiziyasından gedirdi. Hətta bir neçə gün öncə Milli Televiziya və Radio Şurasından da məsələyə münasibət bildirilərkən deyilmişdi ki, Mirşahin Ağayev yayıma lisenziya almaqdan ötrü bu quruma müraciət etməyib. Yalnız internet televiziyası kimi fəaliyyət göstərəcəksə, bunun üçün lisenziya gərək deyil.

Martın 5-də isə qəfil xəbər yayıldı ki, Mirşahinin yeni televiziyası peyklə yayımlanacaq, özü də Teleradio Şurası ona müddətsiz lisenziya verib.
“Martın 5-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.Şuranın qərarına əsasən, sözügedən mərkəzə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib”, – xəbər bundan ibarət idi.

Araşdırmaçı jurnalist Xədicə İsmayılın ortaya çıxardığı faktlardan bəlli olur ki, “REAL TV”yə belə tələsik və müddətsiz lisenziya verilməsinin gerçək səbəbi nə imiş.

Yayım üçün lisenziya “REAL Təhlil İnformasiya Mərkəzi” MMC-yə verilib, direktoru da Mirşahin Ağayevdir.
Xədicə İsmayıl üzə çıxarıb ki, adıçəkilən şirkət cəmi 11 gün əvvəl qeydiyyatdan keçib və kosmik sürətlə lisenziya üçün müraciət edib, müraciəti dəyərləndirilib və təsdiqlənib:
“Şirkətin qeydiyyatdan keçdiyi ünvan isə Əhməd Rəcəbli küçəsi 19-dur.
Həmin ünvanda başqa daha hansı şirkətlər qeydiyyatdan keçib?
“MODERN GROUP OF COMPANIES” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“SENTRA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“TRADE SUPPLY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“GÖZƏL QADIN DÜNYASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“MEQA SIĞORTA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
“MODENİS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
“İNACON” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT
Bunların əksəriyyəti reyestr üzümüzə bağlanandan sonra qeydiyyatdan keçib, ona görə kimə məxsus olduğunu bilmirik. Bildiyimiz ikisidir:
“Modern Group of Companies” və “Meqa Sığorta”.

Hər ikisinin təsisçisi Qurbanov Yaşar Feyzi oğlu göstərilir (hər halda, 2012-ci ilədək o olub).
Qurbanov Yaşar Feyzi oğlu həm də “Express Bank”ın Direktorlar Şurasının üzvüdür.
“Ekspress Bank” isə prezident Əliyevin qızlarına məxsusdur. Təsisçilərindən biri “Ador” MMC-dir. Həmin şirkətin qeydiyyat ünvanı isə Mehriban, Leyla və Arzu Əliyevaların vaxtilə seçici qeydiyyyatında olduğu Səməd Vurğun küçəsi- 7 ünvanıdır.
İndi aydındırmı Real TV kimin nəzarətindədir?”

Azadliq.info