EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Mingəçevirdə: Maaş almadığını deyən MİS əməkdaşlarına təzyiq edilir

Mingəçevirdə: Maaş almadığını deyən MİS əməkdaşlarına təzyiq edilir

Meydan TV-yə yaşayışından gileylənən Mingəçevir Şəhər Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları təzyiqə məruz qalıb. Bu barədə Meydan TV-yə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin adının açıqlanmasını istəməyən əməkdaşı məlumat verib.

Aprelin 2-də Meydan TV koronavirus pandemiyası ilə əlaqədar olaraq karantin rejimi elan edilməsinə baxmayaraq, Mingəçevir şəhərində fəaliyyət göstərən MİS əməkdaşlarının qapı-qapı düşüb “mənzil haqqı” yığması haqda videomaterial yayımlayıb. Həmin görüntülərdə 5 saylı MİS-in əməkdaşları Sevil Məmmədova və Siyarə Hacıyeva rəhbərliyin göstərişi və verdiyi arayış əsasında mənzil haqqı yığdıqlarını deyib. Sevil Məmmədova maaş almadıqlarını, ancaq mənzil haqqı yığılarsa, onlara maaş veriləcəyini söyləyib. 

Onların dediklərindən belə məlum olub ki, ay ərzində 1000 manat mənzil haqqı yığan şəxsə 140 manat verilir.

Qadınların sözlərinə görə, görüntü yayımlandıqdan sonra MİS rəhbərliyi və Mingəçevir Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin etirazı ilə üzləşiblər.

Adının açıqlanmasını istəməyən idarə əməkdaşı isə qurumun rəhbəri Qürbət Məmmədovun qadınlarla söhbətinin səs yazısını Meydan TV-yə təqdim edib.

Səs yazısından belə bəlli olur ki, Qürbət Məmmədov qadınların 5 saylı MİS-in ərazisindən deyil, 1 saylı MİS-in ərazisindən mənzil haqqı yığmasına irad tutub. Sevil Məmmədovanı maaşının verilməməsindən gileylənməsinə görə danlayan idarə rəisi ona “sənin pulunu mən verməli deyiləm, amma buna baxmayaraq, sənə iki dəfə pul vermişəm” deyib. Qadının “250 manat vermisiz, amma 580 manatım qalır” fikrinə isə “əsas odur vermişəm” cavabını verib.

Səs yazısından o da aydın olur ki, Qürbət Məmmədov qadınları təxribat törətməkdə, başqa bir MİS-ə aid binalardan mənzil haqqı yığmaqla ajiotaj yaratmaqda günahlandırır:

-       Sizə arayış 5 saylı MİS-in ərazisindəki evlərə getmək üçün verilib. Mən gərək siz o gün gedəndə aktlaşdıraydım ki, indi də gedib belə danışmayaydız. İndi oturub izahat yazmalısız, sizi kim çağırdı o binalara, niyə getmisiz? Sizin bizimlə şəxsi-qərəzliyiniz olmasaydı, gedib hardasa Qürbət müəllimin, Rövşən müəllimin adını çəkməzdiniz.

Qadınlar etiraz edir:

-       Acqarına bizi salırsız küçələrə ki, gedib pul yığın, maaşınızı verək. Polis çığırıb deyir “çölə çıxmayın”, Prezidentimiz, Mehriban Əliyeva özünü öldürür ki, evdən çıxmayın. İşdən də bizə deyirlər ki, gedin əhalidən pul yığın. Adamlar bir-biri ilə 2 metr məsafə saxlamalıdır. Heç 50 metr olmur, dar bloklardı. Gedirik Şövkət xanımın (MİS rəsmisi) yanına pul istəməyə, deyir ki, pul yığmısız ki, maaş istəyirsiz?

Qürbət Məmmədov:

-       Ləğv etdik də bu qaydanı.

-       Onda necə veriləcək maaş?

-       Bilmirəm. Belə qayda qoyanda gedib deyirsiz ki, bizi salıblar küçələrə. Neçə ildir işləyirsiz? Həmişə maaşı yığımdan almamısız?

-       Axı indi karantin dövrüdür, deyirlər, işləməməlisiz.

-       Belədirsə, o zaman yığmayın. Nəticəsini də özünüz görəcəksiz. Belə getsə, təşkilat dağılacaq, darıxmayın.

-       Biz həmişə pulu yaxşı yığmışıq. Adamlar özləri çağırıb verirdilər. Amma indi mümkün deyil. Yanvarın 16-na kimi bizə qəbz verilmədi deyə gedib pul yığa bilmədik. Sonra da 700 manat yığıldı deyə 77 manat verdilər. Fevralda isə 1000 manat yığdıq, 140 manat verdilər.

Qürbət Məmmədov Sevil Məmmədovaya deyir:

-       Yanvarda 1032 manat əvəzinə 700 manat yığmısız, necə olmalıdır bəs?

-       Necə olur camaatdan keçmiş illərin haqqını da alırıq, amma bizə 3 ay maaş verilmir?

-       Deməli, münasibət, hörmət-zad boş şeydir də?

-       Mənə münasibət odur ki, evdə ac qalmayım. Evdə çörəkpulu tapa bilmirəm, gəlib burda əziyyət çəkirəm, heç nə də yoxdur.

-       Neçə ildir burada işləyirsən?

-       40 ildir

-       40 ildir yığımdan almırsan pulu?

-       Yox. Əvvəllər yığanda özümüz də pulumuzu götürürdük, gəlib qol çəkirdik. Amma indi pulu yığıb veririk, özümüz pul almırıq. Bəs biz insan deyilik?

Uzun müzakirələrdən sonra Qürbət Məmmədov deyir:

“Qısası, izahat yazmalısız. Yazmasanız, başqa yerdə yazacaqsız”.

Qadınlar etiraz edib, hansı səbəbdən izahat yazmalı olduqlarını soruşurlar. İdarə rəisi yenə də 5 saylı deyil, 1 saylı MİS-in ərazisindən pul yığılmasını irad tutur. Qadınlar pulu öz sahələrindən yığdıqlarını deyirlər:

“Biz öz sahəmizə gedəndə də, digər sahələrə gedəndə də eyni qaydada qapını döyürük, müraciət edirik. Hətta yolda görəndə də deyirik, camaatın iş yerinə gedib mənzil haqqını istəyirik. Onun nə dəxli var? Sizdən at istəmirik, dəvə istəmirik, deyirik, maaşımızı verin. Olmayacaq maaş? Camaatı çölə çıxmağa qoymurlar, deyirsiz, gedin yığın”.

Meydan TV məsələyə Qürbət Məmmədovun da münasibətini öyrənib. İdarə rəisi deyilənləri yalanlayıb:

“Heç kimə “izahat yaz” deməmişəm. Amma bu barədə polisə ərizə ilə müraciət etmişəm ki, gedib başqa sahədən mənzil haqqı yığıblar, ağızlarına gələni danışıblar. Qürbət müəllim ordan getdi, korona burdan gəldi... Onlar bildiriş paylamalıydılar. Biz də onlara ona görə arayış vermişdik ki, saxlayanda göstərsinlər, bilinsin, lazım olanda işə çıxacaqlar”.

MİS əməkdaşları Meydan TV-yə deyiblər ki, videomaterial yayımlandıqdan sonra 50-dək işçiyə verilmiş arayışlar geri alınıb.

Facebook