Millət vəkili: "Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz"

Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 20 qəpik artırılaraq, 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

Tarif Şurasının qərarında münasibət birmənalı olmayıb. Millət vəkili Aqil Abbas femida.az-a açıqlamasında bunuı müsbət hal kimi qiymətləndirib:

“Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram”.

Deputat vətəndaşlara 15 iyul tarixini bayram kimi qeyd etməyə çağırıb:

“Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. Dünyanın digər ölkələri ilə muqayisədə Azərbaycanda benzinin qiyməti çox ucuzdur. Azərbaycan xalqı bütün günü bayram edir. Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz. Vətəndaşlara da məsləhətim odur ki, 15 iyul tarixini xüsusi gün kimi qeyd eləsinlər”.

İqtisadçı Rövşən Ağayev isə problemin qiymət artımında olmadığını bildirir. Onun sözlərinə görə, A-92 markalı benzinin qiyməti 1.2 manat da ola bilərdi. O, bu barədə fikirlərini "facebook" hesabında paylaşıb:

"Əsas məsələ odur ki, bu ölkələrdə insanların yayaşış səviyyəsi, gəlir əldəetmə imkanları mövcud qiymət səviyyəsinə uyğundurmu? Bir faktı deyim ki, rəsmi açıqlamada adı çəkilən 3 ölkədə - Qazaxıstan, Rusiya və Belorusda orta aylıq əmək haqqı səviyyəsi orta hesabla Azərbaycandan 2-2.5 dəfə yüksəkdir. Əlavə olaraq, bu ölkələrdə məşğul əhalinin orta hesabla 70-80%-i rəsmi əmək müqaviləsi əsasında bəlli məbləğdə əmək haqqı səviyyəsinə, iş yerlərinə və sosial sığorta imkanına malikdirlər. Azərbaycanda həmin göstərici təxminən 33% təşkil edir.

Bu 3 ölkədə orta aylıq əmək haqqına Azərbaycanla müqayisədə azı 2 dəfə çox A-92 markalı benzin almaq olur - ən vacib məqam bax budur.

Başqa bir problem də var - devalvasiyadan sonrakı mərhələdə ölkə iqtisadiyyatı ikirəqəmli inflyasiyadan can qurtara bilmir. Enerji daşıyıcılarının qiyməti artımı ölkədə yüksək inflyasiyadan can qurtarmağa imkan verməyəcək. Belə şəraitdə hökumət sərt pul-kredit siyasəti ilə iqtisadi fəallığın artımından yenə də çəkinəcək"

Rövşən Ağayev

İqtisadçı yaranan problemin səbəbinin aşağı tarifdə olmadığını qeyd edib:

"Nəhayət, metropoliten ətrafında son günlər yaranan müzakirələr göstərir ki, dövlət şirkətlərinin problemi aşağı tarifdə deyil, səmərəsiz və şəffaf olmayan xərcələmələrdədir"

Rakurs TV