Millət vəkili: Bakı kəndlərində qızların oxumasına qadağa qoyulub

“Bu gün Bakıətrafı kəndlərdə valideyn 14-15 yaşında olan qızını məktəbdən çıxarıb, nişanlayır. Əvvəl qızı daha erkən yaşda ərə verirdilər, indi isə qanunvericilik sərtləşdirildiyindən qızı 2-3 il nişanlı saxlayıb, toy edirlər”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında millət vəkili Gövhər Baxşəliyeva deyib.

Deputat bildirib ki, hazırda ən ucqar kəndlərdə belə qızları oxudurlar, qızlar 11-ci sinfi bitirib, ali məktəbə qəbul olur: “Amma Bakı kəndlərində qızlara qadağa qoyulub. Bunun səbəbini soruşduqda isə cavab olaraq, “əgər biz qızı məktəbə göndərsək, kənd camaatı bizi qınayar” deyirlər. Biz bu stereotipi ləğv etməliyik. Bununla razılaşmaq olmaz. Bütün klassiklər də ilk növbədə anaların savadlı olmasını vurğulayıb. Əgər biz gələcək üçün yüksək təhsilli nəsil haqqında danışırıqsa, ilk növbədə, o nəslin anası təhsil almalıdır. Bu gün qarşılaşdığımız problemlər, eləcə də, Nardarandakı problemlər də belə hadisələrlə bağlıdır”.

G.Baxşəliyeva təklif edib ki, həmin kəndlərin daxil olduğu rayonların icra başçıları və təhsil şöbələri, oranın məktəb müəllimləri ilə danışaraq tədbirlər keçirilsin: “Sovet dövründə kim dərsə getmirdisə, müəllimlər bir-bir evlərə gedib səbəbini soruşardı. Məsələyə ciddi yanaşılırdı. İndi nədənsə müəllimlər də, məktəblər də bu məsələnin qarşısında susurlar. Bu hal hətta kütləvi xarakter daşıyır. Bakı kəndlərində “qız uşağı nədir, 8-9-cu sinifdən sonra təhsil almaq nədir” fikri geniş yayılıb. Bu istiqamətdə hər birimizin əməli şəkildə iş görməsinin tərəfdarıyam”.