Milli Şuranın üzvü cərimələnib

Milli Şuranın üzvü, gənc fəal Cəmil Hacıyev 100 manat cərimə edilib.
 
Bu haqda Azadlıq Radiosuna onun özü məlumat verib. C.Hacıyev bir neçə gün əvvəl saxlanıb, polis bölməsinə aparılmış, sonradan sərbəst buraxılmışdı.
 
C.Hacıyevin bildirdiyinə görə, onun işi Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində araşdırılır. Məhkəmə binasında xuliqanlıq etməkdə günahlandırılan gənc fəal bölmənin təhqiqatçısından cərimə edildiyini eşidib.
 
"Bölmə ilə əlaqə saxladım. Məhkəmədə xuliqanlı etməyim bərədə kamera görüntülərinin mövcud olmadığını öyrəndim. Təhqiqatçı bildirdi ki, məhkəmə işçilərinin rəyinə əsaslanaraq, məni 100 manat məbləğində cərimə ediblər. Cəriməni ödəməyimi, əks halda işi məhkəməyə göndərəcəyini bildirdi", - deyən gənc fəal cərimə edilməsi barədə qərarın ona təqdim edilmədiyini bildirib.
 
Siyasi fəal, Milli Şuranın üzvü Cəmil Hacıyev avqustun 7-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə aparılmışdı.
 
Onun deməsinə görə, etiraz aksiyalarında iştirakı ilə bağlı məhkəmə işi ilə əlaqədar Binəqədi Rayon Məhkəməsinə gedib, orda prosesin yubanmasına etirazını bildirib.
 
Məhkəmə nümayəndəsi onun etiraz etməsindən narazı qalıb, polis dəvət edib. Ardınca C.Hacıyevi 4-cü Polis Bölməsinə aparıblar. C.Hacıyevdən bölmədə ifadə alınmışdı.
 
C.Hacıyev müxalif qüvvələrin düzənlədiyi tədbirlərdə fəallığı ilə seçilir. O, bundan öncə də bir neçə dəfə polisə aparılıb.
 
C.Hacıyev 2012-2013-cü illərdə müxalifətin Bakı şəhər rəhbərliyi ilə razılaşdırmadan təşkil etdiyi nümayişlərdə iştirak edərkən də saxlanıb. Həmin hadisələrin birində inzibati qaydada cəzalandırılıb. İş üzrə gənc fəalın şikayətinə bu ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi baxıb. Məhkəmə C.Hacıyevin hüquqlarının pozulduğu qənaətinə gələrək, hökumətin üzərinə ona 13 min 620 avro təzminat ödəmək vəzifəsi qoyub.