Milli Şura Rusiya sülhməramlılarıyla bağlı etiraz bəyanatı yaydı

Milli Şura Rusiya sülhməramlılarıyla bağlı etiraz bəyanatı yaydı

Azərbaycanda Demokratik Qüvvələrin Milli Şurası 11 noyabrda Rusiya sülhməramlılarının Dağlıq Qarabağ ərazisində  yerləşdirilməsiylə bağlı etiraz bəyanatı yayıb. Bəyanatı 12 noyabrda Milli Şuranın sədri Cəmil Həsənli özünün "Feysbuk" hesabında paylaşıb. 
 
Bəyanat mətnində deyilir:
 
"Demokratik Qüvvələrin Milli Şurası bəyan edir ki, Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan suveren ərazilərinə Azərbaycan xalqının və Azərbaycan Respublikası Milli Məclisinin məlumatı və razılığı olmadan, heç bir ictimai müzakirə keçirilmədən, ölkə müxalifətinin və vətəndaş cəmiyyətinin rəyi nəzərə alınmadan, heç bir hüquqi əsas olmadan gecə ilə, gizlin bir şəkildə  Rusiya Federasiyası Silahlı Qüvvələrinin Sülhməramlı kontingentinin daxil olması Azərbaycan dövlətinin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqının milli maraqlarına qarşı ciddi təhdiddir və  Azərbaycan Respublikası Konstitusiyasının müddəaları ilə  kəskin ziddiyyət təşkil edir.
1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətini işğal edib onun mövcudluğuna son qoyan, mərhum prezident Əbülfəz Elçibəyin siyasi iradəsi və dirənişi hesabına ölkəmizdən 1992-ci ildə böyük çətinliklə çıxarılan  Rusiya Ordusunun yenidən və gözlənilmədən Vətənimizə qayıtması Azərbaycanın Qarabağ üzərində suverenliyinin və ərazi bütövlüyünün məhdudlaşdırılması deməkdir. Rusiya Silahlı Qüvvələrinin 1990-cı ilin 20 Yanvar facəsi, 1992-ci ilin 26 fevralında törədilən Xocalı soyqırımı, 1992-93-cü illərdə Qarabağ torpaqlarının işğalındakı məşum rolu, eləcə də  Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım və Donbas bölgələrinin işğalındakı birbaşa iştirakı Azərbaycan xalqının yaddaşından silinməyib.
 
27 sentyabr 2020-ci il tarixində başladılan əks-hücum əməliyyatı müddətində də biz, təəssüf ki, Rusiyanın birtərəfli qaydada işğalçı Ermənistan Respublikasını silahlandırmasının, hətta Moskva danışıqlarında iştirak edən Ermənistanın xarici işlər nazirinin mülki təyyarəsilə İrəvana silah və digər hərbi yüklər göndərilməsinin şahidi olduq.
 
Azərbaycan tərəfi Müdafiə Nazirliyi, Prezident Administrasiyasının rəsmiləri və hətta prezident səviyyəsində dəfələrlə Rusiyanın Ermənistanı silahlandırdığını bəyan etmiş, İrəvana uçaqla göndərilən 400 tonluq hərbi yüklə bağlı konkret faktla bağlı Rusiya tərəfinə etirazını bildirmişdir.
 
Rəşadətli Azərbaycan Ordusunun, qəhrəman əsgər və zabitlərimizin öz canı və qanı bahasına əldə etdikləri Böyük Qələbəyə bu qədər yaxın olduğumuz, döyüş meydanında böyük strateji üstünlüklər əldə etdiyimiz, az qala Xankəndini işğalçılardan azad etdiyimiz və Ermənistanın dövlət rəsmilərinin bunu açıq şəkildə etiraf etdiyi bir vaxtda Azərbaycan siyasi rəhbərliyinin ordumuzun müzəffər yürüşünü dayandıraraq Rusiya Ordusunu Azərbaycana dəvət etməsi Azərbaycan cəmiyyətində haqlı narazılıq və etiraz doğurub.
 
Dağlıq Qarabağ əfrafındakı ərazilərimizin və xüsusilə də, Azərbaycan mədəniyyətinin və musiqisinin məbədi sayılan Şuşa şəhərinin işğaldan azad olunması, heç şübhəsiz ki, Azərbaycan xalqının ən ülvi arzusu idi və bu qələbəyə görə şəhidlərimizin müqəddəs ruhuna, şanlı ordumuza, igid əsgərlərimizə, bizə təmənnasız olaraq mənəvi və siyasi dəstək verən qardaş Türkiyə dövlətinə və xalqına borcluyuq.
Ancaq münaqişənin davam etdiyi onillər ərzində hətta işğalçılar da dəfələrlə Dağlıq Qarabağ ətrafında yeddi rayonun mübahisə predmeti olmadığını və yalnız danışıqlar masasında Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyini etiraf ediblər. Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov daha öncə Rusiyanın bölgəyə sülhməramlı statusunda qayıdacağı halda Azərbaycanın işğal olunmuş ətraf rayonlarının 5+2 prinsipi ilə qaytarıla biləcəyini vurğulamışdı. 
 
Rusiya Ordusunun Azərbaycanın dövlət suverenliyindən güzəşt hesabına Qarabağ ərazisinə yerləşməsi qarşılığında ətraf bölgələri siyasi danışıqlar yolu ilə azad etmək mümkün olduğu halda nədən Azərbaycan xalqı son həftələr ərzində minlərlə şəhid verməli idi?! Axı münaqışə predmeti Dağlıq Qarabağ ətrafındakı yeddi rayon deyil, Yuxarı Qarabağın özüdür. Yuxarı Qarabağın statusuna heç bir aydınlıq gətirmədən, daha öncədən prezident səviyyəsində tələb edildiyi kimi Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan, Yuxarı Qarabağın Şuşa və Hadrut istisna olaraq əksər əraziləri ermənilərin nəzarətində qaldığı halda bölgəyə Ermənistanın hərbi-strateji müttəfiqi olan Rusiyanın sülhməramlılarının yeridilməsi Qarabağ torpaqlarının taleyilə bağlı ciddi narahatlıq doğurur.  
 
Xüsusilə də, bütün Azərbaycan müxalifətinin, rejimin ən sərt tənqidçiləri olaraq bizlərin dövlətimizə və ordumuza qurtuluş savaşında birmənalı və açıq dəstəyi fonunda İlham Əliyevin gecə ilə Rusiya və Ermənistan siyasi rəhbərliyilə atəşkəs sazişi imzalayaraq Ordumuzun qalibiyyət yürüşünü durdurması, nəzarətə götürdüyü strateji mövqelərdən geri çəkilməsi və rus qoşunlarını ölkəyə dəvət etməsi ciddi suallar yaratmaya bilməz. Savaşın ilk günlərindən bütün imkanları ilə Azərbaycana mənəvi və siyasi dəstək verən Türkiyənin də masadan kənarda saxlanılması ölkəmizin çıxarları baxımından böyük itkidir.
 
Milli Şura olaraq Azərbaycan ərazisində, ölkəmizin suverenliyinin məhdudlaşdırılması hesabına, Azərbaycan xalqının mövqeyini və maraqlarını nəzərə almadan faktiki olaraq Rusiya Hərbi Bazasının yaradılmasına  və bu yolla Yuxarı Qarabağdakı Azərbaycan torpaqlarının qeyri-müəyyən müddətə işğalda qalmasına qəti şəkildə etiraz edirik. 
 
Azərbaycan hökumətindən təcili qaydada beynəlxalq birlik- Türkiyə, Rusiya, ABŞ və Avropa İttifaqı ilə razılaşdırılmış qaydada Qarabağ ərazisində sülhü təmin edəcək çoxmillətli neytral kontingentin formalaşdırılması  istiqamətində addımlar atmağı tələb edirik.
Yuxarı Qarabağ- Xankəndi, Xocalı, Xocavənd, Ağdərə üzərində Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdır. Azərbaycan xalqı heç bir təzyiq və təhdid qarşısında öz topaqlarının bir qarışından imtina etməyəcək və gec-tez bütün Qarabağ üzərində öz suveren hüquqlarını bərpa edəcəkdir."

Facebook