Milli Şura hakimiyyətdən ölkəni iqtisadi iflasa aparmamağı tələb edir

Milli Şura bu günlərdə respublikanın tanınmış iqtisadçıların iştirakı ilə ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı dinləmə keçirib. Dərin təhlillər əsasında aparılan dinləmə zamanı belə qənaətə gəlinib ki, Azərbaycanda ötən ildən başlayan sosial-iqtisadi böhran bu ilin birinci yarısında daha da dərinləşib.

Buna baxmayaraq, hökumətin son müşavirələrində ən yüksək səviyyəli rəsmilər tərəfindən iqtisadi inkişaf və həyat səviyyəsinin yaxşılaşmasına dair həqiqətə uyğun olmayan fikirlər səsləndirilir və bununla da məqsədli şəkildə ictimai fikirdə çaşqınlıq yaradılır. Bundan narahatçılığını ifadə edən Milli Şura bildirir ki, yarıtmaz siyasətin uğursuzluqlarını ört-basdır etmək və ictimaiyyətin aldatmaq yolunu seçən hazırkı hakimiyyət böhranın aradan qaldırılması istiqamətində heç bir iş görmür. Bir vaxtlar milyonlar xərcləmək hesabına hazırlanan və bəhbəhlə təqdim olunan strateji yol xəritələri külliyyatı hazırda istifadəsiz sənədlər toplusuna çevrilib.

Ölkədə bu ilin son 4 ayında sosial- iqtisadi sahələrin tənəzzül daha da sürətlənib. Neftin yarımillik hasilat həcminin 1,9 milyon ton və ya 9 faizdən çox, təbii qazın hasilat həcminin isə 800 milyon kub metr və ya 5 faizdən çox azalması, habelə qeyri-neft sahələrində iqtisadi fəallığın getdikcə zəifləməsi real sektorda, o cümlədən mədənçıxarma və emal, tikinti sahələrində vəziyyəti daha da ağırlaşdırıb. Əvvəlki iki ildə yaşanmış böyük iqtisadi-maliyyə və sosial sarsıntıların ardınca ölkə iqtisadiyyatının bu gün də kiçilməkdə, sosial rüsvayçılığın isə hələ də böyüməkdə davam etməsinin üzərindən sükutla keçmək mümkün deyil. Ölkədə belə biabırçı vəziyyətin yaranmasında, heç şübhəsiz, hökumətin yarıtmaz investisiya siyasətinin rolu böyük və birmənalıdır. Məhz əlverişsiz investisiya-biznes mühitinin daha da pisləşməsinin nəticəsidir ki, bu ilin yanvar-iyun dövründə real sektora kapital yatırımlarının həcmində 422 milyon dollar və ya 12 faiz səviyyəsində azalma qeydə alınıb. Xarici investorlar ötən 6 ayda ölkəmizə sərmayə qoyuluşunu 10 faizdən çox, yerli müəssisə və təşkilatlar isə 25 faizdən çox azaltmaq məcburiyyətində qalıblar. Tənəzzülün durdurulması və iqtisadi canlanmaya nail olunması işində sərmayələrin açar məsələ sayılmasına baxmayaraq bu problemin həll olunması istiqamətində gərəkən addımların atılmamasının sağlam məntiqlə izahını vermək əsla mümkün deyil.

Ötən dövrdə batmış bank sektorunun fəaliyyətinin dirçəldilməsi istiqamətində nəinki diqqəti cəlb edən canlanmaya nail olunmamış, hətta burada böhran daha dərin qatlara işləmişdir. Cari ilin ilk 5 ayında manatla yerləşdirilmiş kreditlərin səviyyəsi 637 milyon manat, xarici valyutada yerləşdirilmiş kreditlərin səviyyəsi isə bu müddətdə 418 milyon dollar azalmış və bu hesaba kredit portfelinin ümumi həcmi 1 milyard 650 milyon manat həddində kiçilmişdir. Kreditlərin ölkə iqtisadiyyatını sürətlə tərk etdiyi bir zamanda problemli kreditlərin kəskin artaraq 1,7 milyard manatı üstələməsi (kredit portfelinin 12 fazii) ölkənin bank sektorunda böhranın durdurulacağına dair bütün nikbin gözləntilərə ciddi zərbə vurmuşdur. Banklara, milli valyutaya inamın bərpa olunması istiqamətində sözdən əmələ keçilməməsinin məntiqi nəticəsidir ki, son 5 ayda bank əmanətlərinin səviyyəsi daha 600 milyon manat, maliyyə təşkilatlarına məxsus depozitllərin səviyyəsi isə daha 750 milyon manat aşağı düşmüşdür. Xatırladaq ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il yanvar-iyun dövründə manat dollara nəzərən orta məzənnəsini daha 12,3 faiz itirib.

İlin 1-ci yarımilində idxal dövriyyəsinin 16 faizə yaxın azalmasına baxmayaraq, xam neftin, neft məhsullarının və təbii qazın orta ixrac-satış qiymətlərinin müvafiq olaraq 43%, 65% və 30% artması hesabına ümumi ixrac dövriyyəsi yüksəlmiş və xarici ticarət dövriyyəsində 10%-ə yaxın müsbət dinamika müşahidə olunmuşdur. Lakin eyni dövrdə ÜDM-in həcminin azalması, tənəzzülün böyüməsi, əhalinin sosial vəziyyətinin isə ağırlaşması faktları onu deməyə əsas yaradır ki, hökumət bu imkandan yenə də düzgün istifadə edə, qeyri-neft sahələrində tənəzzülü zəiflədə və ya templərin aşağı düşməsinin qarşısını ala bilməmişdir. Fərqində olmaq lazımdır ki, neftin hazırkı nisbi yüksək qiymətlərinin növbəti dəfə aşağı düşməsi ilə hazırkı ağır iqtisadi və sosial vəziyyət daha da pisləşə bilər. Cari ilin mart, may və iyun aylarında aylıq idxal dövriyyəsinin ixrac dövriyyəsini üstələməsindən və valyuta itkilərinin böyüməsindən də ibrətamiz nəticələr çıxarılmalıdır.

Dövlət büdcəsinin icra vəziyyəti onu göstərir ki, həm büdcə daxilolmaları, həm də xərclərin maliyyələşməsi sahəsində acınacaqlı vəziyyət hələ də davam etməkdədir. Hökumətin proqnoz göstəriciləri ilə müqayisədə dövlət büdcəsinə daxilolmaların ƏDV üzrə 27% kəsirlə, gəlir vergisi üzrə 17% kəsirlə icra olunması dediklərimizin əyani sübutudur. Sadələşmiş vergi növü, əmlak və torpaq vergiləri, aksizlər üzrə öhdəliklərin yerinə yetirilməsi sahəsndə də analoji vəziyyət hökm sürür. Səhiyyə xərclərinin 23%, təhsil xərclərinin 9,4%, kənd təsərrüfatı xərclərinin isə 24% kəsirlə maliyyələşdirməsi hökumətin bu mühüm sahələri hələ də diqqətdən kənarda tutmasının bariz nümunəsi kimi dəyərləndirilməlidir. Məhz bu cür diqqətsizliyin uzun illər davam etdirilməsinin nəticəsidir ki, ölkənin təhsil və səhiyyə sistemi sıradan çıxmış, kənd təsərrüfatı gəlirsiz sahəyə çevrilmiş və kənd əhalisi ağır məhrumiyyətlər içərisində yaşamaq məcburiyyətində qalmışdır.

İqtisadi böhranın dərinləşməsi ilə yadda qalan birinci yarımil, həm də əhalinin yaşayış səviyyəsinin daha da pisləşməsi ilə diqqəti cəlb edir. Fiziki şəxslərdən tutulan gəlir vergisi üzrə dövlət büdcəsinə daxilolmaların ötən ilə nəzərən 18,2% azalması onu deməyə əsas verir ki, ölkə üzrə ümumi əmək haqqı fondu bu il kəskin şəkildə azalmışdır. Belə bir vəziyyət şübhəsiz ki, pensiyaların, müavinətlərin, ünvanlı sosial yardımların verilməsində ciddi problemlərin yaşanmasını da ortaya qoyub. İstehlak qiymətlərinin 14 faizə yaxın artmasını da burada nəzərə alsaq, əhalinin həyat səviyyəsinin 32% pisləşməsi məlum olar. Bu fakt hökumətin sosial siyasətinin tam mənada iflasa uğramasını göstərir. Sosial məşəqqətlərlə üz-üzə buraxılmış əhalinin susqun münasibətindən sui-istifadə edən hökumətin bütün bu baş verənlərdən sonra benzinin qiymətini saymazyana şəkildə 28 faizədək bahalaşdırması məsuliyyət hissinin itirilməsi kimi dəyərləndirilməlidir. Əhalinin alıcılıq qabiliyyətinin, müəssisə və təşkilatların isə maliyyə durumunun çox ağır olduğu bir şəraitdə Tarif Şurasının qəbul etdiyi bu sonuncu əsassız Qərar, heç şübhəsiz, növbəti mərhələdə qiymətlərin daha da artmasına, müflisləşmənin isə sürətlənməsinə yol açacaq. Hazırda maaşların azlığı və qiymətlərin çox yüksək olması kriteriyası üzrə dünya ölkələri arasında Azərbaycanla müqayisəyə gələ biləcək ikinci bir ölkə tapmaq çox çətindir. Neft Fondunun milyardlarla maliyyə vəsaitlərini simvolik faiz dərəcələri ilə əcnəbi olkələrə daşıyan hökumətin yüksək faizlərlə elə həmin ölkələrdən borc vəsaitləri cəlb etmək siyasətinin isə, doğrudan da, heç bir analoqu yoxdur. Bu baxımdan maliyyə, pul-kredit sistemi iflic olmuş bir ölkənin yüksək faizlər ödəmək hesabına sürətli borc vəsaitləri cəlb etmək siyasətinə heç cür haqq qazandırmaq olmaz. Nəzərə almaq lazımdır ki, bu yolla əldə edilmiş borc vəsaitləri gələcəkdə təzyiq vasitəsinə çevrilə və daha böyük mənafələrdən imtinaya gətirib çıxara, hətta ölkəni defolt vəziyyətinə sala bilər.

Milli Şura yürüdülən hazırkı siyasətin ciddi fəsadlar verməsini bir daha hakimiyyətin nəzərinə çatdıraraq bildirir ki, ölkədə ağır sosial-iqtisadi vəziyyətin bütün məsuliyyəti onun üzərinə düşür və iqtisadi strukturların fəaliyyətini iflic edən cinayətkar fəaliyyətə son verilməsini, idarəetmə sistemində köklü keyfiyyət dəyişiklikləri aparılmasını, monopoliya və korrupsiya piramidasının dağıdılmasını, investisiya-biznes mühitinin yaxşılaşdırılması yönündə dönüş yaradılmasını, qanunların aliliyinin təmin olunmasını, ayrı-seçkiliyin durdurulmasını, bir sözlə real islahatların önünün açılmasını tələb edir.