Milli Şura Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyaların tətbiqinə çağırıb

Milli Şura Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyaların tətbiqinə çağırıb

Tofiq Yaqublunun barəsində son anda müsbət qərarın verilməsi heç bir halda hakimiyyətin humanizmi kimi qiymətləndirilə bilməz. Əvvəla, Tofiq Yaqublu aşkar şəkildə şərlənərək həbs edilib, ikincisi, haqsız həbsinə qarşı onun 17 günlük ölüm aclığı rəsmi səviyyədə görməzdən gəlinib. Bu barədə Tofiq Yaqublunun həbsdən buraxılması ilə bağlı Milli Şuranın bəyanatında deyilir.

Qeyd olunur ki, Tofiq Yaqublunun barəsində həbs qərarının dəyişdirilməsi ilk növbədə onun özünün qətiyyətli mübarizəsinin, sarsılmaz iradəsinin nəticəsidir.

“Bundan əlavə, bu qərarın verilməsinə Azərbaycan ictimaiyyətinin və beynəlxalq birliyin apardığı güclü kampaniya təsir göstərib.  Milli Şura bütün hallarda Tofiq Yaqublunun nisbi azadlığa buraxılmasını müsbət hadisə kimi qiymətləndirir”, - Milli Şura qeyd edir.

Bununla belə, Milli Şura Tofiq Yaqubluya qarşı ədalətsizliyin hələ aradan qalxmadığını bəyan edir.

“Tofiq Yaqublu günahsızdır, tamamilə saxta ittihamla həbsə məhkum edilib, ona bəraət verilməlidir. Azərbaycan xalqı da, beynəlxalq birlik də Apellyasiya Məhkəməsinin Tofiq Yaqubluya haqq etdiyi bəraəti verməsini gözləyir. Əks halda onun üzərində məhkumluğun hər hansı formada saxlanılması hakimiyyətin öz səhvini düzəltməkdən çəkinməsi kimi qiymətləndirilərək hakimiyyətə qarşı əlavə hiddət və nifrət doğuracaq”.

Milli Şura bildirir ki, Tofiq Yqublunun nisbi azadlığa çıxması Azərbaycanda siyasi həbslər mövzusunu yerli və beynəlxalq ictimaiyyət üçün soyutmamalıdır.

“Həm Azərbaycan xalqı, həm də Azərbaycanla qarşılıqlı öhdəlikləri olan beynəlxalq təsisatlar ölkədə hələ də 200-ə yaxın siyasi məhbusun olduğunu unutmamalı, onların hər birinin azadlığı üçün ardıcıl səylər göstərməlidir. Xüsusən nəzərə alınmalıdır ki, mart ayında Tofiq Yaqublunun həbsi ilə başlayan yeni repressiya dalğasında əksəriyyəti AXCP üzvü olmaqla, daha 36 nəfər uydurma ittihamlarla həbs edilib (14-15 iyul Qarabağ yürüşünə görə) və yaxın vaxtlarda onların məhkəmələri başlanacaq. Azərbaycan və dünya ictimaiyyəti bu işlərin hər birini diqqətdə saxlamalı, həm onların, həm də onlara qədər həbs edilmiş siyasi məhbusların təcili azadlığa buraxılmasına çalışmalıdır”, - sənəddə qeyd olunur.

Milli Şura beynəlxalq birlikdən Azərbaycanda siyasi məhbuslar problemi başda olmaqla, insan haqları sahəsindəki acınacaqlı vəziyyətə birdəfəlik son qoyulması üçün İlham Əliyev hakimiyyətinə təsirli vasitələrlə, o cümlədən  ünvanlı sanksiyalarla ciddi təzyiq göstərməyi gözləyir.

Facebook