Milli Məclisin deputatı: “Bəzi mətbuat orqanları fikirlərimi təhrif edib”

Milli Məclisin deputatı Rövşən Rzayev fikirlərinin mediada təhrif olunmasına etirazını bildirib.

“Report”un xəbərinə görə, deputat bunu “qərəzli münasibət” adlandırıb.

İyulun 29-da internet-xəbər saytlarından birində yerləşdirilən və "Facebook" sosial şəbəkəsində müzakirə olunan “Deputat: “Yoxsulluq və işsizlik 5 faizə düşüb. Xalqımız xoşbəxtdir” başlıqlı yazı ilə bağlı danışan R.Rzayev müsahibə zamanı ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin və dövlət proqramlarının əhəmiyyətindən danışdığını, lakin işsizlik və yoxsulluqla bağlı heç bir konkret rəqəm göstərmədiyini qeyd edib: “Buna baxmayaraq, xəbər dərc olunarkən müxbir mənim fikirlərimə “əlavələr” edib. Həmin xəbər bir gün sonra ironiyalı başlıqla yenidən başqa saytda yayımlanıb və qeyri-etik bir təqdimatla sosial şəbəkədə müzakirəyə çıxarılıb. Bu xəbər internetdə yerləşdirildiyi vaxt mən xaricdə olmuşam və Azərbaycana bir neçə gündür, qayıtmışam. Sosial şəbəkədəki müzakirədən isə bu gün xəbər tutmuşam. Mənim söylədiyim fikirlərə əlavələr edilməsini, ironiyalı sərlövhə ilə yenidən yayımlanmasını və sosial şəbəkədə müzakirəyə çıxarılmasını özümə qarşı qərəzli münasibət kimi qiymətləndirirəm. Mən bir çox peşəkar jurnalistlərlə daim səmimi ünsiyyətdəyəm, onların sorğu və müraciətlərini həmişə cavablandırmağa çalışıram. Buna görə də jurnalist etikasının belə kobudcasına pozulmasına və söylədiyim fikirlərin qərəzkarlıqla ictimaiyyətə təqdim olunmasına etirazımı bildirirəm”.

Deputat bildirib ki, bu məsələ ilə bağlı “Facebook” sosial şəbəkəsindəki "Azərbaycan-Azərbaycan" səhifəsinin rəhbəri Emil Məmmədovla telefon əlaqəsi yaradıb, E.Məmmədov telefonu qapadıb: “Bir neçə dəfə bu şəxslə telefon əlaqəsi yaratmaq istəsəm də zənglərimə cavab vermədi. "Azərbaycan-Azərbaycan" adlı səhifənin belə bir insan tərəfindən idarə olunması yolverilməzdir. Bütün ictimaiyyət, cəmiyyət buna qarşı olmalıdır. Mənə qarşı bu cür qanunsuzluğa yol verən şəxs sabah bu hərəkəti bir başqasına qarşıda edəcək. Düşünürəm ki, məsələ ilə bağlı mediada tənzimləmələr aparılmalı və bunun qarşısı alınmalıdır”.