Microsoft Çin hökuməti üçün ‘məxsusi Windows 10’ yaradıb

Qərb mediasında yayılan xəbərlərə görə Microsoft şirkəti məxsusi olaraq Çin hökuməti üçün Windows 10-nun fərqli modifikasiyasını hazırlayıb.

Şirkət bundan əvvəl yeni versiya barədə Şanxayda keçirilən bir tədbirdə məlumat versə də, təfərrüatlara varmamışdı.

Microsoft-un Çin hökumətinin tələblərinə uyğun Windows 10 düzəltməsi bir müddət idi ki, məlum idi.

Bu da xəbər verir ki, Microsoft bu proqramı Çinin Electronics Technology Group dövlət korporasiyası ilə müştərək CMIT şirkətində hazırlayıb.

Microsoft-un direktorlarından Terry Myerson bu xəbərləri təsdiq edib.

Bloomberg-in xəbərinə görə, Windows 10-un yeni versiyası Çin hökumətinə istədiyi proqramları saxlayıb, istəmədiklərini çıxarmaq imkanı verir. Məsələn, Pekinin istəmədiyi proqramlardan biri də OneDrive-dır.

Windows 10-un Çin versiyasında bütün yeniləmələr hökumət tərəfindən həyata keçiriləcək və dövlət idarələrindən məlumat axınına imkan verilməyəcək.

Çinin başlıca narahatlığı Amerikanın kəşfiyyat orqanlarının “dövlət sirlərinə” təmas edə biləcəyindəndir.

Çin müştərilərinə Windows 10-dan istifadə qadağan edilməyib, lakin hökumət bu platformadan o qədər də razı deyil.

Çindəki bütün kompyuterlərin yalnız 9 faizi Windows 10 işlədir.

ABŞ-ın qaçaq casusu Edward Snowden-in açıqlamalarından sonra Çində hökumət idarələrində Windows 8-dən istifadə yasaqlanıb və hökumət 2013-cü ildə Canonical şirkəti ilə birlikdə Windows-a alternativ Kylin proqramını hazırlamağa cəhd edib. Bu layihə uğursuz nəticələnib.

Windows Blog saytının baş redaktoru Mollie Ruiz-Hopper yazır ki, Microsoft son 22 ildə Çinlə əməkdaşlıq etdiyindən şərəf duyur.

Bir çox media qurumları Microsoft-un bu cür mütilik göstərməsini tənqid edir.