Məhkəmə xristianlığı qəbul edən məmurun hüquqlarını bərpa etməyib

Məhkəmə xristianlığı qəbul edən məmurun hüquqlarını bərpa etməyib

İyunun 10-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Parlament Aparatının beynəlxalq əlaqələr şöbəsinin keçmiş əməkdaşı Rəhim Axundovun şikayətinə baxılıb.

O bildirib ki, işdən dini mənsubiyyət ayrı-seçkiliyi ilə əlaqədar, daha doğrusu, xristianlığı qəbul etdiyinə görə azad edilib.

Axundov qeyd edib ki, rəsmi olaraq işdən çıxarılmazdan əvvəl bir sıra hökumətyönlü saytlar onun "dinini dəyişdirdiyinə" görə vəzifədən azad edildiyi barədə məlumat yaymışdı. "Onlar işdən azad ediləcəyimi əvvəlcədən necə bilə bilərdilər?", deyə Axundov bildirib.

Bundan başqa, onun sözlərinə görə, parlamentin spikeri Oqtay Əsədov onun işdən çıxarılması haqqında əmri 2018-ci il dekabrın 25-də imzalayıb, həmin vaxt o, İranda səfərdə idi, buna görə fiziki cəhətdən bunu edə bilməzdi.

Amma Apellyasiya Məhkəməsi Axundovun işdən çıxarılması barədə qərarı qüvvədə saxlayıb. O, Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti vermək niyyətindədir.

Maraqlıdır ki, Axundov özü işdən çıxarılması haqqında ərizə yazıb. Bunu niyə etdiyi barədə suala cavabda məmur buna "məcbur olduğunu" desə də, səbəbini izah etməyib.

Facebook