Məhkəmə "Kanal13"ün şikayətini təmin etmədi

İyunun 14-də Bakı Apellyasiya Məhkəməsində "Kanal-13" internet televiziyasının ofisində axtarış ve götürülmə aparılmasına dair verilən şikayətə baxılıb.

Bu barədə vəkil Cavad Cavadov məlumat yayıb. Apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlayıb.

Vəkil bildirib ki, həmin qərarla aparılan istintaq hərəkəti nəticəsində kanalın fəaliyyəti faktiki dayanıb, çünki bütün avadanlıqlar istintaq tərəfindən götürülüb.

"Kanal-13" internet televiziyasının rəhbəri Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Vəkili Ə.Orucova qarşı ittihamların əsassız olduğunu bildirir. Deyir ki, onun həbsi "Kanal-13" internet televiziyasının fəaliyyəti, başqa telekanallarda çıxışına imkan verilməyən adamlara burada efir imkanı yaradılması, hökuməti tənqid edən fikirlərin səslənməsi ilə bağlıdır. 

Rakurs TV